Könüllü olaraq cəbhəyə gedən əsgərin insult keçirən atasından XƏBƏR VAR - FOTO


Könüllü olaraq döyüşə gedən evin tək oğlu Şəhriyar Balaşovun atası İlham Balaşov insult (beyində damarın tutulması) keçirmişdi.
Yeniavaz.com
xəbər verir ki, ağır durumdan xilası üçün ciddi maddi dəstəyə ehtiyacı olan əsgər atası artıq çətin mərhələni arxada qoyub.
Bu barədə “SAT Group” şirkətinin rəhbəri Azad Qəhrəmanov məlumat verib. O bildirib ki, 3 gün əvvəl Ş. Balaşov öz atası ilə də danışıb:
“Müalicəsinin əvvəlində yaxınları birtəhər xərcləri qarşılasalar da, sonra xərclər hədsiz yüksək olduğu üçün gücləri çatmadı. İnsultla yanaşı, xəstənin qanında da ciddi xəstəlik ortaya çıxmışdı  - trombositlər yox səviyyəsində idi, xəstə hər an yenidən insult keçirə və bununla da vəfat edə bilərdi. Müalicənin davamı üçün 15-20 min manat pula ehtiyac var idi.
24 oktyabr günü təxminən 21:00-dan dəstək kampaniyası elan etdik. Gözlədiyimizdən də sürətli şəkildə, 1 sutka ərzində 1750 manat vəsait yığıldı ki, bu da vacib plazmoforez proseduru, dərman müalicələrini etməyə imkan verdi. Sonra ianələr davam etdi, 10 gün ərzində toplam 8208 manat vəsait toplandı və müalicə üçün klinikaya ödənildi. Bu müddətdə EGE hospital da müxtəlif xidmətlər üçün ciddi endirimlər etdi.
Lazımi prosedur və mualicələrin sayəsində xəstənin durumu sürətlə yaxşılaşmağa başladı, trombositləri 5 mindən (200 min olmalıdır) 140 minə qədər qalxdı (bu günə olan nəticə). Beyin fəaliyyətində irəliləyiş oldu. Hazırda xəstənin huşu aydındır, tənəffüsü sərbəstdir. Əllərini hərəkət etdirə bilir. Plazmoforez prosedurları dayandırılıb, fizioterapiya başladılıb. Dərman müalicəsi isə davam etdirilir. Demək olar ki, çətin mərhələ arxada qalıb. 1-2 həftəlik müalicədən sonra xəstə normal həyata dönəcək. Hətta 3 gün əvvəl əsgər Şəhriyar Balaşov öz atası ilə telefonla danışıb”.
Azad Qəhrəmanov bildirib ki, noyabr ayının 3-dən etibarən Heydər Əliyev Fondu İlham Balaşovun bütün müalicə xərclərini öz üzərinə götürüb. Buna görə də ianə kampaniyası dayandırılıb.
O, göstərilən dəstəyə görə hər kəsə öz təşəkkürünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top