Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vyanadakı terror hücumu zamanı yaralanmasına baxmayaraq, digər yaralılara kömək edən və vurulan polis əməkdaşını təcili tibbi yardım maşınına çatdıraraq həyatını xilas edən Rəcəb Tayyib Gültəkin və Mikayıl Özənlə görüntülü telefonla danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğan yaralanan Rəcəb Tayyib Gültəkinə ona şəfa diləyib və dostu Mikayıl Özənlə birlikdə polis əməkdaşının həyatını xilas edən R.Gültəkinə “səninlə qürur duyuruq” deyib.
“Avstriyalılara kömək etməyə davam edin. Onlar bəlkə də bizi anlamaya bilərlər, amma biz onları anlayırıq. Çünki biz yaradılanları Yaradana ötrü sevdik, dininə baxmadıq, məzhəbinə baxmadıq. “Sadəcə insan olması bizim üçün yetər” dedik və bu yola da belə davam edirik. Mən bilirəm ki, bəzən Avstriyada çox çətinliklər çəkmisiniz. Hələ də çox ciddi çətinlikləriniz var. Müsəlman olmaqdan başqa onların nəzərində heç bir günahınız yoxdur. Amma bizim üçün də müsəlman olmaq ən vacib iftixar vəsiləsidir. Terrorla, terrorizmlə ən böyük mübarizəni biz verdik, bu mübarizəni davam edirik. Olduğunuz hər yerdə xeyirxahlığın, sülhün, gözəlliyin təmsilçisi olacağınızdan əminəm. Millətim, ailəm və öz adımdan sənə təşəkkür edirəm, gözlərindən öpürəm. Allah yar və yardımcınız olsun. Bütün ailəyə salamlar".