"Heç kim bizim qabağımızda dura bilməz"


"İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib". 

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edərkən deyib. 

Dövlət başçısı bildirib ki, ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir: 

“Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi hər gün atəşə tutur. Bu gün səhər mənə verilən məlumata görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağılıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Düşməni qovuruq və sona qədər qovacağıq. Eyni zamanda, Ermənistana üç dəfə şans verildi. Bizim ordumuzun uğurlu əməliyyat keçirməsinə baxmayaraq, biz beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq üç dəfə atəşkəslə bağlı razılığa gəldik. Üç dəfə də Ermənistan bunu kobudcasına pozmuşdur - Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə. İkinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması nəticəsində 21 insan həlak olmuş, 70 insan yaralanmışdır. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdur. Bax bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top