Erməni terroruna etiraz olaraq məşhur meydana sahibsiz ayaqqabılar düzülüb - FOTOLAR


Lüksemburqda etiraz aksiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Lüksemburqda yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən “Place d'Armes” meydanında icazəli aksiya keçirib. Aksiya  iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını pisləyiblər.
Lüksemburqdakı azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonlarının ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.
Aksiyada Gəncə terrorunun qurbanlarını anmaq məqsədi ilə meydana rəmzi olaraq sahibsiz ayaqqabılar düzülüb, şəhər sakinlərinə Dağlıq Qarabağla bağlı buklet və kitabçalar paylanıb. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Gəncə cəbhə bölgəsi deyil”, “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.



DİGƏR XƏBƏRLƏR

Top