"Denən ki, sabah burdan çıxıram, dayanarıq"


"Çıx torpağımızdan dayanaq, rədd ol torpağımızdan, dayanaq".
Yeniavaz.com
xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, bizə qan tökmək lazım deyil, bizə torpağımız lazımdır: “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri, nə oldu deyə bilmirsən indi “Qarabağ Ermənistandır”?! Gəl Füzuliyə, sən orada bizim torpağımızı istismar edirdin, gəl Cəbrayıla, gəl Hadruta, gəl başqa azad edilmiş yerlərə, de “Qarabağ Ermənistandır”. Oturmusan orada, İravanda bəyanatlar verirsən. Dünya liderlərinin zəhləsini tökürsən. Adam qalmayıb ki zəng etməyəsən. Niyə demirsən, “Qarabağ Ermənistandır”? Qorxursan, qorxacaqsan. Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki gün gələcək, bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cenevrə Konvensiyasına ziddir. Bunu nümayişkəranə edirlər, televiziyada göstərirlər. Necə ki ermənilər bizim qədim torpağımızda yaşamağa-işləməyə gəliblər. İndi baxım görüm Şuşaya məskunlaşmağa kim gələcək. Cəbrayıla Ermənistandan yeni yol çəkirdin. Nə üçün? Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib orada erməniləri məskunlaşdırmaq üçün. 
Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün bəs? Get köçürt, görüm necə köçürdəcəksən. Saxta, quldur dəstə başçısının dırnaqarası andiçmə mərasiminin keçirildiyi yer nə gündə olub, oranı darmadağın etmişik. Bizim qarşımızda 7 şərt qoyurdun, ultimatumla danışırdın. Bir baxım görüm necə şərt qoyursan. Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, yıxılıb onun-bunun ayağına imdad diləyirsən ki, “Azərbaycanı durdurun, Azərbaycana deyin ki, dayansın”. Çıx torpağımızdan dayanaq, rədd ol torpağımızdan dayanaq. Mən hər gün bunu deyirəm, çıx, denən ki, sabah burdan çıxıram, dayanarıq. Bizə qan tökmək lazım deyil, bizə torpağımız lazımdır. İstənilən yolla torpaqlarımızı alacağıq, bunu hər kəs bilsin. Azərbaycan xalqı təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir”.

DİGƏR XƏBƏRLƏR

Top