Ermənistan bu dəfə Naxçıvanı niyə hədəf aldı? – Ekspert AÇIQLADI


 “Naxçıvana atılan raket Ermənistan tərəfindən atılsaydı, onlara qarşılıqlı cavab veriləcəkdi. Hansı ki, Gəncəyə də Ermənistanın Vardenis zonasından “Elbrus” ballistik raketi atılmışdı. Ordumuz onların yerini təyin edərək məhv etdilər. Heç kim də bir söz deyə bilmədi. Çünki biz haqlı idik. Onlar çalışırlar ki, Ermənistanla Azərbaycanın müharibəsini Rusiya ilə Türkiyənin müharibəsi kimi qələmə versinlər və rusları öz tərəflərinə çəksinlər. Buna görə də, onlar raket atırlar, guya Türkiyə ordusunun burada olduğunu deyirlər. Özlərindən müxtəlif miflər uydururlar. Biz də onların cavabını necə lazımdırsa, veririk”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri QAFSAM-ın(Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy saytımıza açıqlamasında deyib. O bildirib ki, hazırda Azərbaycan Ordusunun qalibiyyətləri onlarda ciddi psixoloji sarsıntı yaradıb, ona görə də, onlar belə addımlar atırlar:
“Raketin Ordubad ərazisinə atılmasının iki səbəbi ola bilər. Birinci texniki problem, hədəfi düzgün seçə bilməyib atıblar. Hazırda Azərbaycan Ordusunun qalibiyyətləri onlara ciddi psixoloji sarsıntı yaradıb. Buna görə də, panika içərisində olan ordudan belə hərəkət gözləmək olar. Digər tərəfdən də ermənilər çalışırlar ki, regionda Rusiya-Türkiyə müharibəsi yaratsınlar. Müharibə başlayandan onlar prosesi genişləndirməyə çalışırlar. Bu çərçivədə Naxçıvanı hədəfləmiş ola bilərlər. Ancaq bizim buna verəcəyimiz cavab bəllidir. Türkiyənin hərbi müdaxilə etməyinə ehtiyac yoxdur. Azərbaycan Ordusu lazımi cavablar verir və verəcək də. Bundan başqa, Türkiyənin hərbi iştirakı ermənilərin “çörəyinə yağ çəkər”. Burada eyni zamanda diplomatik münasibətlər də var. Türkiyə də bunu çox gözəl başa düşür və buna getməyəcək. Ordumuz hər şeyi özü edir və əminəm ki, həmin qurğunun yerini müəyyən edib məhv edəcək, bəlkə də, artıq məhv edib.
Raketin Qubadlı tərəfdən atılmağı o deməkdir ki, artıq Ordumuz Qubadlını işğaldan azad etmək üzrədir. Ermənilər ilk əvvəl açıqlama verirlər ki, hər şey yaxşıdır, daha sonra deyirlər ki, həmin ərazidə gərginlik başladı. Azərbaycan Ordusu təhlükəsizlik tədbirləri gördükdən sonra Müdafiə Nazirliyi video yayımlayır ki, Azərbaycan bayrağı bu rayonda dalğalanır. Ondan sonra ermənilər məğlubiyyəti qəbul edirlər”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top