
İtaliyada yaşayan azərbaycanlılar Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən hər gün mülki əhalinin hədəfə alınmasına və torpaqların işğal olunmasına etirazlarını bildiriblər.
Yeniavaz.com “AA”ya istinadən xəbər verir ki, təxminən 300 nəfər həmyerlimiz Roma şəhərində Nümayəndələr Palatasının qarşısındakı Montekitorio meydanına toplaşıb. Etirazçılar bununla Azərbaycan ordusuna dəstək mesajlarını göndərib.
Nümayişçilər tərəfindən Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb. Aksiyada “Qarabağ Azərbaycana məxsusdur!”, “Xocalı Soyqırımı”, “Xocalıya ədalət!”, “Erməni hücumlarını dayandırın!” sözləri yazılmış lövhələrdən istifadə olunub. Həmçinin nümayişçilər "Qarabağ Azərbaycana məxsusdur!", "Xocalıya Ədalət!", "Gəncədə mülki şəxslər qırılır" şüarlarını səsləndiriblər.
Azərbaycan-İtalya Birliyinin prezidenti Fərid Abbasov bəyannamələrini İtaliya parlamentinin üzvlərinə və İtaliya dövlətindəki hakim dairələrə göndərdiklərini bildirib.
Mitinqdə iştirak edən Neapol-Bakı Dərnəyinin rəhbəri Cüzeppe Kanilya da olanları pisləyərək, Ermənistanın işğal etdikləri rayonlardan çıxmalı olduqlarını bildirib.
Mitinq əsnasında Azərbaycan ordusunun 6 kəndi azad etməsi xəbəri hər kəsin sevincinə səbəb olub.