"Sevinc göz yaşlarımı saxlaya bilmirəm" – İlham Əliyev

“Mən Sizə bir mesaj da gətirdim. Tərtərdə bombardman zamanı sığınacağa girmişdik. Bir vətəndaş vardı, məcburi köçkün, oradan köçmüş. Reportaj hazırlayarkən dedi ki, artıq mən köçkün deyiləm. Dedi ki, mən azad bir vətəndaşam, Suqovuşandan gəlmişdi. Dedi, əgər Prezidentlə qarşılaşsanız, ona hörmətimizi, sevgimizi və salamlarımızı çatdırın. Anladığımıza görə, regionda balanslar artıq dəyişib. Yəni, əvvəlki balanslar – status-kvo yoxdur. Daha da dəyişəcək. Həm dünyaya, həm də Türkiyəyə hansı mesajlar vermək istərdiniz?”.

Yeniavaz.com xəbər verir ki, bu sualı prezident İlham Əliyevə Türkiyənin NTV televiziyasının əməkdaşı verib.

İlham Əliyev suala cavab olaraq bildirib ki, həmin vətəndaşa televiziya vasitəsilə öz sözlərini ünvanlayıb:

“Mən şadam ki, bu gün onun kimi bu sözləri deyən minlərlə insan var. Onlar sevincdən göz yaşları tökürlər, deyirlər ki, mən artıq köçkün deyiləm. Mən bu köçkünlük vəziyyətindən canımı qurtarmışam. Bilirsiniz, mənə minlərlə məktub gəlir. Bu məktubları oxuyanda, sözün düzü, mən də bəzi hallarda sevinc göz yaşlarımı saxlaya bilmirəm. O məktublarda o qədər səmimi, o qədər isti, o qədər qürurverici sözlər yazılır və mənə mesaj kimi çatdırılır. O məktubları oxuyanda bir daha görürəm ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidlərlə yaşamaq, ümidlərlə ki, gün gələcək və onlar öz dədə-baba ocağına qayıdacaqlar. Bu, doğrudan da böyük fədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini biz hamımız bizim insanlara bəxş edə bildik”.

DİGƏR XƏBƏRLƏR

Top