Çex XİN rəhbəri Ceyhun Bayramova zəng edib


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Çexiyanın Xarici İşlər naziri Tomas Petriçek arasında telefon danışığı olub. 

XİN-dən verilən məlumata görə, görüş qarşı tərəfin təşəbbüsü əsasında baş tutub. Nazir Ceyhun Bayramov çexiyalı həmkarına Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi barədə məlumat verib. Münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması, Gəncəyə raket hücumu və onun ağır nəticələri Çex Xarici İşlər nazirinin diqqətinə çatdırılıb. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 43 mülki şəxsin həyatını itirdiyi və 218 mülki şəxsin yaralandığı vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətinə Ermənistanın Azərbaycan mülki vətəndaşlarına və infrastrukturlarına qarşı növbəti raket hücumlarının qarşısının alındığı barədə məlumat verib, Azərbaycanın özünü müdafiə etmə hüququ çərçivəsində hərəkət etdiyi vurğulanıb. Bölgədəki mövcud vəziyyət üçün tam məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü qeyd olunub.
Xarici İşlər naziri Tomas Petriçek mülki insanların ölümü ilə bağlı ciddi narahatlığını ifadə edib. O, atəşkəsə riayət olunmasının və tərəflər arasında danışıqların bərpa edilməsinin vacibliyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top