"Erməni vandalları tərəfindən dinc əhalinin hədəf alınması, uşaqların valideynlərini itirməsi halları nəinki uşaqların, hətta böyüklərin də psixologiyasına təsir göstərir".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.
Psixoloqun sözlərinə görə, istər valideynini itirən, istərsə də, cəbhəyanı ərazilərdə olan uşaqlara psixoloji dəstək verilməlidir:
“Xalq olaraq bu kimi hallara, erməni vəhşiliyinə, vandallığına, terrorçu hərəkətlərinə 1990-cı illərdən sonra baş verən hadisələrə görə hazırlıqlı idik. Xocalıda və digər ətraf rayonlarda baş verən hadisələr yaxın keçmişdə olmuşdu. Bu gün uşaqlar sarsıldılar, onlar valideynlərini itirdilər. Azyaşlı uşaqlar ölümü dərk etməsə də, böyüklər dərk edir. Məsələn, 2 yaşlı uşaqlar hələ ölümün nə demək olduğunu başa düşmürlər. Çox vaxt onlara valideynin ölüb sözünü demirlər. Harasa getdiyini, tezliklə gələcəyini deyirlər. O yaşda olan uşaqların bir qismi elə bilir ki, valideyni göydədir, ulduz görəndə “Valideynim ordadır” deyirlər. Yəni, daimi qayıdışı olmayan bir proses kimi anlamırlar. Məktəbli uşaqlar, yaşı böyük olanlar isə valideynlərinin nəyin qurbanı olduqlarını bilirlər. Bu zaman həmin uşaqlara yaxın qohumların dəstəyi çox vacibdir. Düzdür, biz böyüklərə “Uşaqların yanında ağlamayın” da deyə bilmərik. Burada insan hissləri var. Lakin onlara tövsiyə edə bilərik ki, uşaqların yanında gülün, danışın, həmin ab-havadan çıxarın, bir yerə yığışanda ağlamayın. Bizdə bəzən ailə yaxınları rəhmətə gedən insanın qoxusunu uşaqdan alırlar. Lakin onlar bacardıqca emosiyalarını qoruyub saxlamalıdırlar. Milli ruh, birlik, həmrəylik böyük terapiyadır və psixoloji seansdır.
Buna baxmayaraq uşaqlara psixoloji dəstək göstərmək lazımdır. Burada yaxın qohumların mənəvi dəstəyi, xalqın dəstəyi çox vacibdir. Hansı ki, bu gün bunlar da göstərilir. Psixoloji dəstək nəinki valideynləri dünyasını dəyişən uşaqlara, eyni zamanda cəbhəyanı ərazidə yaşayan uşaqlara da göstərilməlidir. Orada məktəbə və bağçaya gedən uşaqlar çoxdur və onlar psixoloji sarsıntı keçirə bilərlər. Burada bizim üstünlüyümüz ondan ibarətdir ki, biz xalq olaraq birik, həmrəyik və düşmənlə mübarizə aparırıq. Uşaqlar da valideynlərinin emosiyalarından qidalanır və özlərinin psixoloji durumlarını tənzimləyirlər. Bu məsələdə də uşaq görür ki, valideyn yerini tərk etmir və düşmənə qarşı hazırlıqlıdır. Bu da uşaqlarda ruh yüksəkliyinin qorunub saxlanmasına təsir göstərir”.
Psixoloq Elnur Rüstəmov müharibə qurtarandan sonra ümumtəhsil müəssisələrində uşaqlara psixoloji dəstəyin ən üst səviyyəyə qaldırılmalı olduğunu bildirdi: “İnşallah torpaqlarımız işğaldan azad olunsun, bundan sonra həm fərdi şəkildə, həm də dövlət səviyyəsində həmin uşaqlara psixoloji dəstək verilməlidir. Orada olan uşaqların böyük qismi bağça və məktəb yaşlıdır. Bu da onu göstərir ki, ümumtəhsil müəssisələrində psixoloji tədris ən üst səviyyəyə qaldırılmalıdır. İkinci bir məsələ odur ki, orada fiziki məhdudiyyətli insanlar, sosial qayğıya ehtiyacı olan uşaqlar, “post travmatik” stress keçirən vətəndaşlar və şəhid ailələri var. Onlara müvafiq dövlət qurumlarının səlahiyyətləri çərçivəsində psixoloji dəstəyin verilməsi həyata keçirilə bilər”.
İlahə Hüseynova