"Yoluxmada artım bizə yayda olduğu kimi çətin anlar yaşada bilər" - VİDEO


“Artıq insanlar arasında koronavirusla bağlı həyəcan təbili çalınmalıdır. Çünki Azərbaycanda virusa yoluxma ilə bağlı son rəqəmlər çox ciddi rəqəmlərdir. Bir gün ərzində olan yeni yoluxma ilə bağlı 270 rəqəmini yay dönəmində görsəydik, bəlkə də başqa cür reaksiya olardı. Amma indi insanlar buna əhəmiyyət vermək istəmirlər. Bu rəqəm sabah daha da arta, 300, 400, hətta 500 ola bilər. Hazırkı vəziyyətdə xəstəxanalara müraciət edənlərin də artdığını görürük. Əgər qaydalara əməl etməsək, yoluxma sayı daha da artacaq”.

Bunu REAL TV-yə müsahibəsində TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. O qeyd edib ki, koronavirusla bağlı tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması, tədris müəssisələrinin açılması, həmçinin payız mövsümünün gəlməsi ilə əlaqədar “COVID-19”a yoluxma tendensiyasında artım müşahidə olunur. Yoluxmanın ədədi silsilə ilə artması bizim daha da diqqətli olmağımızı vacib edir.

“Bu qədər artışa səbəb son günlər əhali arasında koronavirusun aktuallığının itməsidir. 2 həftədən çoxdur ki, hər bir Azərbaycan vətəndaşı döyüşmək, torpaqlarımızı qaytarmaq haqqında düşünür. Biz hamımız çox istəyərik ki, cəbhədən qələbə xəbərlərini eşidək. Lakin biz bu zaman başqa bir düşməni unuduruq. Pandemiyaya yoluxma sayında yüksəliş bizə yay dövründə olduğu kimi çətin anlar yaşada bilər. Həm də ola bilər ki, digər respirator infeksiyalara da yoluxaq. Belə olan halda əlavə sağlamlıq problemləri ortaya çıxır”.

DİGƏR XƏBƏRLƏR

Top