"Bundan sonra Paşinyan nə qədər çırpınsa da hakimiyyətdə qala bilməyəcək"

 
Bir neçə gündür Gəncə və Azərbaycanın digər rayonlarına Ermənistan tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən raketli hücum ziyalılar tərəfindən sərt tənqid edilir.
Məsələ ilə bağlı Yeniavaz.com-a İstanbul-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmət Elp münasibət bildirib.
"Ermənistan 100 il bundan əvvəl qondarma bir dövlət olaraq imperiyanın dəstəyi ilə Azərbaycan torpaqlarında qurulub. Sonra da Sovet İmperiyasına daxil olub. 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra yenə erməni diasporasının əlilə hərəkətə keçiblər. Onların dəstəyi ilə Qarabağı işğal etdilər. Otuz ildir ki, Ermənistan işğal siyasəti və xaricdə yaşayan ermənilərin dəstəyi ilə hakimiyyətini yeritməkdədir. Bu gün də erməni diasporunun dəstəyi olmasa heç kim Ermənistanda hakimiyyətə gələ bilməz. Elə Paşinyanın özü də o qüvvələrin sayəsində Amerikapərəst anlayışlar tərəfindən hakimiyyətə gətirilib”.
Hikmət Elp bildirdi ki, hazırda Ermənistanda hökm sürən qarışıqlıq, bütün imkanları tükənmiş hakimiyyət vətəndaşlarına ətraf ölkələrlə bağlı qorxu yaymaqla düşmən obrazı təqdim edir:
“Onların Qarabağı əldən verdiyi gün, hakimiyəti əldən verdiyi gündür. Azərbaycanın Qarabağ haqqında bu günkü kəskin qərarını görəndən sonra, özünü itirən hakimiyyət nə edəcəyini bilmədi. Bu vəziyyətdə dövlət şüursuzca xətalara davam edir. Bu xətaların ən başda gələni də elə dinc əhalinin yaşayış məntəqəsinə ballistik raketlə hücum etmələri oldu”.
İstanbul-Azərbaycan Mədəniyyət Evinin rəhbəri dinc əhaliyə qarşı bu cür dövlət cinayətlərinin törədilməsini ağlı başında olmayan insanların addımı kimi dəyərləndirdi:
“Dinc əhaliyə maddi və mənəvi cəhətdən ziyan vuruldu. İnsanların yaşayışını pozur, canına-malına qəsd edirlər. Bu Birləşmiş Millətlər Təşkilatının qərarlarına tərsdir. Bunu ancaq və ancaq ağlı-fikri başında olmayan adamlar edə bilər. İndi Paşinyan o haldadır ki, nə etsə hakimiyyətdən gedəcək. Qarabağı könüllü versə də, Azərbaycan öz qüvvəsi ilə geri alsa da Paşinyan getməli olacaq. Onun bu çırpınışları belə hakimiyyətdə qalmağına xeyir etməyəcək”.

DİGƏR XƏBƏRLƏR

Top