Nilgün Saryal: “Bu gənclər sayəsində azad Azərbaycan həmişə var olacaq”


Son aylar Ermənistan təcavüzkarlarının Tovuz rayonunda və Qarabağda törətdiyi təxribat müharibə ilə nəticələndi. Azərbaycan Ordusu, Ali Baş Komandan və Prezident İlham Əliyevin əmri ilə əks hücuma keçdi. Qazandıqlarımızla yanaşı itirdiklərimiz də oldu, amma xalq birliyini itirmədi. Əksinə yumruq halında birləşdi. Bu birliyimiz tək Azərbaycanın daxilində deyil, sərhədimizi aşaraq dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizə də sirayət etdi.
Yeniavaz.com mövzu ilə bağlı 20-ci əsrin əvvəllərində Azərbaycanı Xalq Cümhuriyyətinin dağılmasından sonra Azərbaycanı tərk edən Mir İsmayıl Seyidzadənin (İsmayıl Saryal) nəvəsi Nilgün Saryalla həmsöhbət oldu:
-Bildiyiniz kimi mən, mənən gəncəlilər arasında, əslində isə Azərbaycandan kənarda böyümüşəm. Buna görə də mən coğrafi nöqteyi nəzərdən Gəncəyə yaxşı bələd olmamışam bir vaxta kimi.
Qızımın doğulduğu ildə, yəni 1991-ci ildə əvvəlcə Azərbaycanın azadlığa çıxması xəbərini eşib çox sevinmişdik. Qızım hələ yeni doğulmuşdu və qucağımda idi. Atam bu dəfə  telefonla danışandan sonra Qarabağda olanları öyrəndik. Qarabağın hara olduğunu belə dəqiq bilmirdim. Qucağında körpəsi olan mən, Qarabağda insanların başına gətirilənləri eşidəndən sonra elə bilirdim ki, dəhşətdən ağlımı itirəcəm. Biz burada əmin yerdə idik, amma Azərbaycanda-Qarabağda eyni qandan, eyni candan olan bacı-qardaşlarım işgəncə ilə öldürülürdü. Soyqırım aparılırdı. Uzun müddət dəhşətli bir ağrı hiss etmişdim canımda və özümə gələ bilməmişdim. İllərlə Azərbaycanın Qarabağ problemini bacardığım qədər insanlara çatdırmağa çalışsam da, faciənin nə qədər ağır olduğunu qarabağlı dostlarımın danışdıqları sayəsində dərk edə bilmişdim. Azərbaycana ilk ziyatəmdən sonra ürəyim ora ilə döyünməyə başlamışdı. Dostların köməkliyi ilə tariximizi yaxşı öyrənirdim. Ağrı-acı çəkməyə öyrəşmişdim, amma tariximizi öyrəndikcə həmin ağrının yeri başqa hislər alırdı: qürur və şərəf.
Qarabağda doğularaq Azərbaycanın başqa bölgələrində böyüyən, hər şeydən dəyərli balalarımızın necə bacarıq və istedada sahib olduqlarını gördükcə qürurum qabarırdı. Bunlara şahid olduqca əmin olurdum ki, bir gün Qarabağa geri qayıdacağıq.
Hazırda bu günləri dünya gözü ilə gördüyüm üçün şükr edirəm.
O ki qaldı, ermənilərin Qarabağda torpaqlarını itirdikcə Azərbaycanın digər rayonlarında məskunlaşan dinc sakinlərinə hücum etmələrinə. Bu mənə heç yad səhnə deyil. Sizin kimi mən də təəccüblənmədim. Çünki onlar terrorçu dövlətdir. Allah bizə onları ona görə qonşu olaraq verib ki, biz özümüz-özümüzə güvənməyi və inkişaf etməyi öyrənək. Özümüzdən başqa inana biləcəyimiz heç kimsənin olmadığını inkişaf etdikcə, özümüzə inamımız artdığını dərk edək.
Nilgün xanımın ölkə rəhbərliyinin və xalqın Azərbaycan Ordusuyla bir bütün halında birləşməsi ilə bağlı dilə gətirdikləri:
-Gəncə, Şəmkir, Xızı, Tərtər... Ermənistanın cinayət işləyərək atdığı raketlərə, toplara rəğmən bütün kənd və şəhərlərimizdə insanların göstərdikləri cəsarət və mərdlik mənə qürur hissi verir. Azərbaycanda olanları Türkiyədəki bir çox dostum-tanışım heyrətlə izləyir və alqışlayır. İnsanlarımız arasındakı vətəndaş birliyi də mənə fərəh verir. Əvvəl xeyli təlaşa qapıldım və çox qorxdum. Amma Gəncə, Bakı, Şəmkir, Sumqayıt və Azərbaycanın hər yerindən, xüsusilə də Gəncədən olan qohumlarımın evlərinin az yaxınlığına raket düşməsinə rəğmən onlardan gələn mesaj və zənglərdən gördüm ki, onlar düşməndən qorxmurlar. "naoborot, qızışıyorlar".
Dedim ki, o zaman sənin qorumağa heç haqqın yoxdur. Bu şərəfli insanlarla başını dik tut! Ermənistan isə ən böyük pisliyi öz uşaqlarına edir. Onları doğulandan yalanlarla, nifrətlə böyüdür. Bunu sonu isə dəyişməzlərsə, heçliyə gedir.
Dünya artıq 1910 ya da 1990-cı illərdəki kimi  deyil. Azərbaycanı izləyərkən bir gözüm gülürsə, digəri ağlayır. Dırnağına belə qurban olacağımız igid gənclərimizin şəhid xəbərlərinə ürəyim dağlanır. O anda özümə deyirəm ki, 20, 30, 50, 100 il sonra onlar nəinki tarixdə, heç dünyada da  yaşamayacaqlar. Amma bu gənclər sayəsində azad Azərbaycan həmişə var olacaq. Hər bir şəhidimizin yerinə minlərlə gənc və hürr insan öz doğma elində-obasında sonsuza qədər yaşayacaq. Bütün şəhidlərimizin məkanı cənnət olsun! Ruhları şad olsun! 
Qarabağ Azərbaycandır!
Zəfər bizimlə olacaq, inşallah!

DİGƏR XƏBƏRLƏR

Top