Aşkenazi yəhudiləri Azərbaycan Ordusunun qələbəsi üçün dua ediblər


Azərbaycanda yaşayan aşkenazi yəhudiləri bu gün Bakıda yerləşən sinaqoqa yığışaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı ordumuzun mütləq qələbə qazanması üçün dua ediblər.

Yeniavaz.com xəbər verir ki, sinaqoqda bir araya gələn yəhudi həmvətənlərimiz müharibənin tezliklə başa çataraq torpaqlarımızın azad olunmasını, əsgərlərimizin sağ-salamat evlərinə qayıtmalarını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə dilədilər.

Dua mərasimində çıxış edən Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal ölkəmizin yəhudi icmasının hər zaman Azərbaycan xalqına dəstək olduğunu vurğulayıb: “Biz vətənimiz Azərbaycanı çox sevirik və onu qorumaq bizim üçün böyük şərəfdir. Biz burada müxtəlif millət və dinlərin mənsubları kimi öz mədəniyyətimizi və dinimizi rahat şəkildə yaşaya, təmsil edə bilirik. Bu gün keçirdiyimiz dua mərasimi ilə vətən üçün savaşan hər bir əsgərimizə, bütövlükdə ordumuza dualar etdik, onlara Tanrıdan itkisiz, mütləq qələbələr arzuladıq. İnanırıq ki, biz növbəti mərasimi məhz Şuşada keçirəcəyik”.

Qeyd edək ki, dini ayin pandemiya dövrünün bütün zəruri məhdudiyyətləri gözlənilməklə xüsusi icazə əsasında yerinə yetirilib.

DİGƏR XƏBƏRLƏR

Top