Qan verənlərin nəzərinə! - Bu xəstəliyi olanlar qan verə bilməzlər


Hər il yüz minlərlə insan xəstəlik və ya ağır qəza nəticəsində qan itirərək həyatla vidalaşır. Mütəxəssislər bu barədə insanları davamlı olaraq maarifləndirirlər. Belə ki, kəskin qan itirmə nəticəsində orqanizmin daxili mühitinin sabitliyi pozulur, qan təziyiqi aşağı düşür və hemoqlobinin miqdarı azalır. Belə hallarda zərərçəkənə sağlam adamdan alınmış donor qanı köçürmək lazımdır. Qan köçürən zaman qan qrupları və donor olan şəxsin hər hansı bir xəstəliyinin olub-olmaması nəzərə alınmalıdır. Çünki elə xəstəliklər var ki, həmin şəxslər qan donoru ola bilməzlər.
Yeniavaz.com sözügedən xəstəliklərin siyahısını təqdim edir:
1. Hepatit B (Heç vaxt qan verə bilməzlər);
2. Hepatit C (Heç vaxt qan verə bilməzlər);
3. QİÇS (Heç vaxt qan verə bilməzlər);
4. Malyariya (3 illik müalicədən sonra qan verə bilərlər);
5. Vərəm (Müalicə olunduqdan 5 il sonra qan verə bilərlər);
6. Diabet (Dərman istifadə etməyən və ya dərman istifadə etməsinə baxmayaraq qan qlükozası tənzimlənənlər qan verə bilərlər);
7. Anemiya (Anemiya diaqnozu qoyulmuş insanlar qan donoru ola bilməzlər);
8. Hamilə qadınlar qan verə bilməzlər. (Doğuşdan 6 həftə sonra qan verə bilərlər);
9. Allergiya (Astma xəstələri qan verə bilməzlər);
10. İmmun sistemi zəif olanlar qan verə bilməzlər;
11. Qanaxma diatezi olanlar  ömür boyu qan verə bilməzlər;
12. Epilepsiya xəstələri qan verə bilməzlər;
13. Ağır əməliyyatlardan sonra 6 ay ərzində qan vermək olmaz;
14. Zəif virusa qarşı peyvənd olunanlar 3 həftə qan verə bilməzlər (Su çiçəyi, qızılca, məxmərək və s.).
Xəstəliklərlə yanaşı dediyimiz kimi qan qruplarının da burada rolu böyükdür.
I qrup – qan verə bilər (I, II, III və IV qruplara), qan ala bilər (I qrupdan);
II qrup – qan verə bilər (II və IV qruplara), qan ala bilər (I və II qruplardan);
III qrup  – qan verə bilər (III və IV qruplara), qan ala bilər (IIII qruplardan);
IV qrup – qan verə bilər (IV qrupa), qan ala bilər  (I, II, III və IV qruplardan).
 
Kimlər qan verə bilərlər?
Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90% aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir. 18 yaşdan yuxarı və 65 yaşdan aşağı, çəkisi 50 kiloqramdan çox olan hər bir sağlam insan qan verə bilər. Kişilər ən tez 2 aydan bir, qadınlarsa ən tez 3 aydan bir, ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. 
Məlum olduğu kimi, qan verməyin insan orqanizmi üçün bir çox faydası var. Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı hesabata görə, qan vermək humanitar yardım olmaqla yanaşı, sağlamlığınız üçün də çox faydalıdır. Qan verdiyiniz zaman orqanizmdəki qan hüceyrələri yenilənir, bu da sizi daha sağlam və güclü edir. Bununla yanaşı, qan vermək infarktın 90 faiz qarşısını alır. Baş ağrısı, stress, yüksək qan təzyiqinə müsbət təsir edir.

DİGƏR XƏBƏRLƏR

Top