Tam elektrikli avtomobillərin qiyməti ucuzlaşacaq – VİDEO/FOTO


Ötən həftə İlon Maskın batareya texnologiyasındakı yenilikləri açıqlayan növbəti “Battery day” (“Batareya günü”) tədbiri keçirildi. Tədbirdə danışan İlon Mask, qurucusu olduğu “Tesla” şirkətinin təkcə avtomobil firması olmadığını, eyni zamanda bir neçə nəhəng startapın birləşməsindən meydana gəldiyini qeyd etdi.
İlon Maskın dediyinə görə, Amerikada 1,2 milyon kilometr yol qət edən digər avtomobillərdə qəza və yaralanma riski 2 faizə bərabər olsa da, eyni məsafəni qət edən “Tesla” avtomobillərində qəza və yaralanma riski 0,3 faizə bərabərdir.
Hələ ilk dəfə təyyarələr istehsal ediləndə yanacaq təyyarənin qanad hissəsində bir karqo şəklində, məsələn, bu günkü avtomobillərin yanacaq deposuna bənzər formada daşınırdı. Yəni, hələ qanad və yanacaq deposu bu günkü kimi bir-birinin tərkib hissəsi deyildi. Ancaq modern təyyarələrdə təyyarə qanadı iki vəzifəni eyni anda icra etməyə başladı. Beləliklə, günümüzdə təyyarə qanadı həm qanad funksiyasını icra edir, həm də təyyarənin yanacaq deposu vəzifəsini görür.

“Tesla”nın qurucusu İlon Mask təyyarələrdəki bu sistemi artıq istehsal edəcəkləri “Tesla” avtomobillərində tətbiq edəcəklərini qeyd etdi. Belə ki, daha əvvəl Tesla avtomobillərinin elektrik batareyaları indiyə kimi avtomobillərin alt hissəsində quraşdırılsa da, şassinin tərkib hissəsi deyildi. Son təqdimatda İlon Mask Tesla avtomobillərində şassinin eyni zamanda batareyaların yerləşdirildiyi yer olacağını qeyd etdi.
Gələcəkdə bütün elektrikli avtomobillərdə batareyaların yerləşdirildiyi məkan eyni zamanda avtomobilin dizaynının bir hissəsi olacaq. Batareya kameraları avtomobil zavodda yığılarkən birbaşa şassinin içərisinə yerləşdiriləcək. Məsələn, “Tesla” avtomobillərinin “Model S” versiyasında elektrik batareyasının ümumi ağırlığı 600 kq idi. Bunun 350 kq-lıq hissəsini əsas kamera, qalan 250 kq-lıq hissəsini isə batareyanın ətrafındakı örtük və ya çöl hissə təşkil edirdi. Bu yeni texnologiyada isə 250 kq-lıq örtük və ya çöl hissəyə ehtiyac olmayacaq. Beləcə, avtomobillərdə elektrik batareyalarının ümumi həcmi və çəkisi kiçilsə də, 54 faiz daha artıq məsafə qət etmə qabiliyyətinə sahib olacaq. “Tesla” şirkəti hazırda bir ildə 500 min avtomobil istehsal etsə də, hədəfdə illik 20 milyon avtomobil istehsal etmək var.
“Tesla” şirkətinin gələcək üç illik planı qiyməti 25 min dollar olan avtomatik özünüidarəetmə sisteminə malik tam elektrikli “Tesla” avtomobilinin kütləvi istehsalını həyata keçirməkdir.
Sonuncu “Battery day” (“Batareya günü”) tədbirində yeni model Tesla avtomobilinin təqdimatı da oldu. Belə ki, 2021-ci ilin sonlarında satışa çıxması nəzərdə tutulan Teslanın yeni “Model S Plaid” avtomobili bir yükləmə ilə 830 km yol qət edə, saatda 320 km sürətə çata bilir. 1100 at gücünə malik olan bu yeni model Tesla avtomobili 0 km-dən 100 km sürətə 2 saniyədən də az vaxtda çatır. Ən sürətli hərəkət qabiliyyətinə malik olan Teslanın “Model S Plaid” avtomobilinin dizaynı və xüsusiyyətləri barədə hələ ətraflı məlumat yoxdur.

İndi isə “Tesla”nın hazırda ən qabaqcıl olduğu sahələrə nəzər salaq: 1. “Tesla” günümüzdə müştərilərinə avtomobilləri tam avtomotik idarəetmə sistemi ilə təqdim edə bilən tək firmadır. 2. “Tesla” tam elektrikli avtomobillər istehsal edən firma olmaqla yanaşı, həm də öz batareyalarını istehsal edən firmadır. Qeyd edək ki, “Tesla” eyni zamanda “LG”, “Panasonic” və “Samsung” firmaları kimi batareya istehsal edən bir şirkət halına gəlib. 3. Tam avtomatik idarəetmə sisteminə malik olan “Tesla” şirkəti həm də proqram təminatı (software) firmasıdır. Bu minvalla firma zəruri olan bütün proqram təminatlarını kənardan yox, öz mühəndisləri vasitəsilə təmin edir.
Qeyd edək ki, “Battery Day” (“Batareya günü”) tədbirində təqdim edilən Teslanın yeni batareyaları elektrik mühərrikli avtomobillər üçün bir inqilab mahiyyəti daşıyır. Çünki Teslanın yeni batareyaları qət edəcəyi məsafə və gücü artırdığı halda, istehsal xərclərini azaldır. Bu da Teslanın yeni avtomobillərinin daha ucuz (bəlkə də, daxiliyanma mühərrikli avtomobillərlə eyni qiymətə) başa gəlməsinə səbəb olacaq.
 
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top