Xəbər verdiyimiz kimi, barəsində Nizami Rayon Məhkəməsi tərəfindən 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmə hökm çıxarılan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi 28 sentyabr saat 15:00-da Bakı Apelyasiya Məhkəməsində keçiriləcək. Yeniavaz.com xəbər verir ki, məhkəmə prosesinə hakim Elmar Rəhimov sədrlik edəcək.
Eyni zamanda Kamran Əkbərov və Əmir Bayramov da tərkib üzvü kimi məhkəmə prosesində işə baxan hakimlər olacaqlar.
Məlumat üçün qeyd edək ki, Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə işində hakimlik edəcək şəxslərdən biri Kamran Əkbərov hakimlik fəaliyyətinə ilk dəfə Müsavat Partiyasının sabiq başqanı, Milli Məclisin keçmiş sədri İsa Qəmbərin imzaladığı qərarla başlayıb. Milli Məclisin keçmiş sədri İsa Qəmbərin 22 sentyabr 1992-ci ildə imzaladığı 297 nömrəli qərara əsasın 1961-ci ildə anadan olan baş leytenant Kamran Hüseyn oğlu Əkbərov Gəncə qarnizonu hərbi tribunalının hakimi seçilib. Bu vəzifəyə qədər Kamran Əkbərov Gəncə Şəhəri Hüquq Məsləhətxanasında vəkil işləyib.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir. Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.