Psixoterapevtdən müəllim və valideynlərə TÖVSİYƏLƏR – MÜSAHİBƏ

Məlum məsələdir ki, uzunmüddətli karantin dövrü məktəb-müəllim-şagird üçlüyü arasında müəyyən boşluqlar yaradıb. Bəzi valideynlər uşaqlarının məktəbə getməməsindən şikayətlənir və bunun səbəbini anlamadıqlarını qeyd edirlər.
Əslində nə baş verir? Nə üçün şagird məktəbə getmək istəmir? Bunları necə aradan qaldırmaq olar?

Yeniavaz.com
bu və ya digər problemlərlərlə əlaqəli sualları uzman psixoloji konsultant, psixoterapevt Maarif Məmmədova yönləndirdi.


- Karantindən sonra şagirdlərin məktəbə adaptasiyası necə normaya salına bilər?
- Bildiyiniz kimi, karantin və ya pandemiya kimi hadisələr fövqəlada hadisələrdir. Belə hadisələr həyatımızda bəzən bir dəfə, bəzən isə heç qarşılaşmadığımız haldır. Ona görə belə hadisə ilə qarşılaşarkən insanların hamısı ciddi təsirlənirlər və qayğılanırlar. Bu çox normaldır. Bu problem eyni zamanda uşaqlara, şagirdlərə də öz təsirini göstərir. Əslində şagird deyərkən bütün şagirdləri nəzərə alaraq ortaq cavab vermək çətindir. Ona görə də yaşa, siniflərə görə və ya karantindən necə təsirlənməsinə görə kateqoriyaya ayırmağımızda fayda var. Əgər COVID-19 nəticəsində həyatında hər hansı bir itki vermiş, xəstəlik görmüş bir şagird varsa, bu onun məktəbə adaptasiyası prosesinə ciddi bir şəkildə təsir edəcəyini düşünürəm. Eyni zamanda yaş səviyyələrinə görə də şagirdlər eyni reaksiyanı bildirməyəcəklər. Xüsusilə də ibtidai sinif şagirdlərində karatinin daha çox qayğılandıra biləcəyini və pandemiyanın onların həyatına necə təsir edə biləcəyini  düşünmək lazımdır. Aşağı siniflərdə uşaqlar valideynləri ilə daha sıx münasibətlərdədir. Onlara nə isə olacağına dair narahatlıq içərisindədirlər. Əgər ki, hər hansı uşaq karantinlə əlaqəli olan prosesdə yaxınlarına, valideynlərinə bir zərər gəldiyinə dair narahatlığı yaranarsa, həmin qorxunu birbaşa özünə yönləndirə bilər. Və yaxud da ki, özünə bir şey olacağına dair bir tərəddüdü varsa, şagirdlər karantindən təsirlənibsə, məktəbdə əvvəl yaşadığı problemləri varsa, müəllim və ya valdeynlə arasında yaşanan münasibətlərdə əksiklik yaranıbsa, onların adaptasiyasında da narahatlıqlar yaşana bilər. Yeniyetmələrin isə məktəbə adaptasiyası bir az daha rahat olacaq. Onların öz sosial çevrələrinə qovuşmaq hissi olacaq. Bir araya gəlmək, birlikdə nələrsə etmək onlara rahat olacaq. Yenə burada da diqqət etmək lazımdır ki, o yeniyetmənin karantində və ondan əvvəl məktəbdə yaşadıqları hər hansı bir hadisə varmı? Ümumi olaraq demək olar ki, şagirdlərin məktəbə adaptasiyası çox da asan olmayacaq. Xüsusilə yeni sistemə adaptasiyaya uyğunlaşmaq elə də rahat olmayacaq. Biz əslində köhnə olan, vərdiş etdiyimiz şeyləri daha rahat davam etdirə bilirik. Hələ bir də bu yay tətilinin verdiyi rahatlıq, disiplindən uzaq qalmaq, qaydalardan uzaqda yaşamaq adaptasiyada müəyyən çətinliklər yaradacaq. Bunu aradan qaldırmaq üçün məktəbdə etibarlı bir mühit yaratmaq lazımdır. Burada müəllimlərin, valideynlərin, məktəbin rəhbərliyinin və məktəb psixoloqunun üzərinə çox iş düşür. Yeni dönəm başlamış olduqda şagirdlərin keçirdiyi narahatlıqları və duyğularını paylaşmasına şərait yaradarıqsa, onların adaptasiya prosesinə də köməklik etmiş olarıq.

- Şagird-məktəb-dərs-müəllim arasında yaranmış boşluğu necə aradan qaldırmaq olar?
- Şagirdlərin akademik həyatında ortaya çıxmış boşluğu aradan qaldırmaq üçün təhsili mərhələli şəkildə, əvvəl onlayn, sonra tədricən üz-üzə fəslinə keçirmək daha yaxşı olardı. Uzunmüddətli ara bu boşluğu onlar üzərində daha da artırmış oldu. Burada əsas məsələlərdən biri də uşaqların hansı səviyyədə qaldığı, bu boşluğu hansı səviyyədə hiss etdikləridir. Bununla əlaqəli müəllimlərin yaxşı bir müşahidəçi olmaları lazımdır. Bildiyimiz kimi təhsil müəssisələrində tədris prosesi istər ənənəvi, istər onlayn olsun əvvəlki formada davam etdirilməyəcək. Şagirdlərin dərsdə hansı şəkildə iştirak etməsi o boşluğu doldurmaq üçün kifayət etməyəcək. Şagirdin karantindən necə təsirlənməsi, onu necə hiss etməsi, yaşanılan qayğını, təşviş və qorxunu, bununla əlaqəli hiss və düşüncələri  bizlər tərəfindən üzə çıxarılması lazımdır. O boşluğun doldurulması çox əhəmiyyətlidir. Biz bilirik ki, şagirdlərin həyatlarında olan dəyişikliklər ciddi bir şəkildə onun yemək, yuxu və dərslərinə də özünü yansıtmış olacaq. O boşluğun ortaya qoyulması üçün bizim daha çox kəşfiyyatçı olmamız şərtdir. Bizim o boşluğu doldurmaq üçün atdığımız addımlar doğru olmaya bilər. Bəzən həddən çox yükləmə və ya onları akademik uğura yönəltməklə onları daha da qayğılandırmış ola bilərik. Başqa bir qayğı mənbəyi var ikən bir də bu addımı atmaq onların iç rahatlığını əlindən almaq deməkdir. Burada ən çox diqqət edəcəyimiz prinsip, fərdi yanaşma prinsipidir. Məktəbin açılmasından, onlayn təhsildən, uzunmüddətli fasilədən, uşaqların birgə oyun oynaya bilməməsindən bəhs etmək və bunu məktəbliyə başa salmaq müəllim, məktəb psixoloqu və valideyn üçlüyünün üzərinə düşür. Çünki biz bilirik ki, məktəblilər üçün müəyyənləşdirilmiş dərs dəqiqələri müəyyən qaydalar çərçivəsində, müəyyən bir prosesin içərisində olmaq elə də asan deyil. Bu prosesdə biz sadəcə boşluğu doldurmaq üçün bir addım atarıqsa, şagirdlər üçün əlavə qayğı mənbəyi yaradarıq. Bu daha pisdir. Məncə, boşluqları aradan qaldırmağın ən təməl prinsipi şagirdləri başa düşməkdir. Onların nə hiss etdiyinə və bu proseslə bağlı nələr düşündüklərinə, necə bir addım ata biləcəklərinə dair fikirlərini eşidə bilərik və bu düşüncələri ortaya çıxaracaq isti bir müzakirə mühiti qura bilərik. Bu cür yanaşma prosesin müsbət nöqtəyə gedib çıxmasına yardım edə bilər.

- Müəllim, şagird və valideynələrə çatışmazlıqları aradan qaldırmaq üçün hansı tövsiyələri verərdiniz?
- Akademik prosesdə istər müəllimlər, istər şagirdlər və ya valideynlər nəzərindən ortaya çıxa bilən müəyyən çatışmazlıqlar ola bilər. Bunların doğru təsbit olunması vacibdir. Müəllimlərə aiddirsə, müəllimlərlə, şagirdlərə aiddirsə şagirdlərlə, valideynlərə aiddirsə, valideynlərlə ortaq qərara gəlinməlidir. Ümumiyyətlə hər hansı bir hadisədə, düzəliş veriləcək mövzuda məlumatlı olmaq lazımdır. Əgər o mövzuda məlumat qıtlığı yaranırsa, professional dəstək ala bilərik. Orataya çıxan narahatlıqları bəzən özümüz tərəfindən həll oluna biləcəyini düşünürük. Amma fərqində deyilik ki, bu diqqətsizliklə başqa problemlər ortaya çıxara bilərik. Biz bilirik ki, uşağın akademik prosesində bu üçlüyün birgə hərəkət etməsi lazımdır. Biz, yeniyetmələrlə hər hansı mövzu ilə əlaqəli bir qərara gəldiyimizdə onlarla da məsləhətləşməyimiz, fikilərinə rəğbət göstərməyimiz daha doğru olar. Əslində biz bilirik ki, şagirdlər istər məktəbdəki davranışı ilə əlaqəli, istər sosial bacarıqları ilə əlaqəli, istər problemi həll etmə bacarıqları ilə əlaqəli, başqalarının sərhədlərinə hörmətlə əlaqəli məsələri tək başına həll etməli olur. Məktəb elə bir mühitdir ki, orada artıq valideyn olmur, uşaq öz qərarlarını özü verməlidir. Orada şagird hər mənada özünü ifadə etməlidir. Bu proseslər addımbaaddım izlənməli, hansı boşluqlar varsa, onlar müəyyənləşdirilməli, yeri gələndə professional dəstək alınmalıdır.

- Bu müddət ərzində daha da ərköyünləşmiş uşaqlarla müəllimlər necə ünsiyyət qurmalıdır?
- Koronavirus zamanı qarşılaşdığımız problemlərdən biri də əvvəlki rutinlərin davam etdirə bilməmənin verdiyi narahatlıqlardır. Bu istər yuxu ilə əlaqədar olsun, istər yeməklə, istərsə dərs oxumaqla və ya texnoloji vasitələrdən istifadə etməklə əlaqəli ola bilər. Biz bu rutinlərə tamlıqla riayət olunduğunu görə bilmirik. Ərköyün uşaqlarda da bu halın artması o halda labüd ola bilər ki, ailələrdə gündəlik rutinlər dağılmış olsun. Ərköyün uşaqlarla əlaqəli olan ən diqqət çəkən məqamlardan biri odur ki, əslində onların ərköyünlüyü ilə əlaqəli məsələlərdə düzgün təsbit olunmayan məqam var. Biz burada baxmalıyıq ki, ərköyün adlandırılan uşaq həqiqətən ərköyündürmü? Bunun altında hansısa başqa problem də yatırmı? Ərköyünlük deyərək altında qalan məqamlardan ən çox qarşılaşdığımız məqamlar diqqət əksikliyi, üstün zəkalı olub evdə və ya məktəbdə olan biliklərlə yetinməyən, hiperaktivliyə aid olan, məktəbdə aldığı tarvmalar yatır. Təbii ki, bu problemlər uşağın akademik müvəffəqiyyətinə də, sinifdə yaratdığı narahatlıqdan dolayı sinif mühitinə də təsiri böyük olacaq. Bu problemləri aradan qaldırmaq üçün uşaqların mütəxəsislər tərəfindən ümumi qiymətləndirilməsi lazımdır. Sonda ortaya çıxan problemə görə müdaxilə planları olunması lazımdır. Valideyn və müəllim birgə hərəkət etməlidir. Valideyn və müəllimin rol model olması, müəyyən davranışlarında dəstəkləyici olması burada uşağa daha müsbət təsir edəcək. Ailə rutinləri də burada önəmli yerə sahibdir. Ailənin yemə, yatma, kitab oxuma, gəzmə, hər hansı bir fəaliyyət sahəsi kimi rutinləri də problemin aradan qaldırılmasında dəstəkləyici yer tutacaq.

- Uzun müddət məktəbdən uzaq qalan və getmək istəməyən məktəblilərin valideynlərinə məsləhətiniz nədir?
- Uzunmüddət məktəbə getməyən uşaqlar məktəbə getmək istəməyə bilər. Şagirdə karantin dövründə əldə etmiş olduğu vərdişləri, xüsusilə buraya texnologiya alışqanlıqlarını və ya başqa hər hansısa bir əyləncəli vərdişi tərk etmək çətin olar. Çünki o yenidən məktəb qayda-qanunlarına riayət etməli olacaq. Onlarla bu mövzuda danışmaq lazımdır. Geridə qalmış 5-6 ayın çətinliklərini anlayışla qarşılamalarını onlardan istəmək haqsızlıqdır. Hətta bu onları qıcıqlandıra bilər. Əgər biz uşaqlara məktəbə getməməyin səbəbini düzgün analiz edəriksə, ona daha çox yardım etmiş olarıq. Əsasən yeniyetmələr bu məsələni idrak etmədiyi üçün valideynindən və müəllimindən uzaq durmağa çalışır. Çünki böyüklərin onu başa düşmədiyini düşünür. Yenə də demək lazımdır ki, bir şagird məktəbə getmirsə, bu məsələnin dərinliklərinə baxmaq lazımdır. Hansı səbəbdən o məktəbə getmək istəmir? Sonda ortaya bir məsələ məktəb qorxusu və ya məktəbi rəddetmə başlığı çıxır. Əgər məktəbə getməmə məsələsi kiçik yaşlı uşaqlar üçündürsə, baxmaq lazımdır ki, o uşaqda ayrılmaqla əlaqəli hər hansı bir narahatlığı varmı? Düzdür, ayrılmaq qorxusutək uşaq yaşlarında deyil, irəli yaşlarda da ortaya çıxır. Məktəb həyatı başladıqdan sonra uşağa nə üçün məktəbə getmək istəmədiyini öyrənmək üçün təzyiq göstərmək qəbul olunmazdır. Bir uşaq valideynlərindən uzaqlaşmaq istəmirsə, məktəbdə hər hansı bir travma yaşayıbsa, hansısa yoldaşı travma alıbsa, obsesiv düşüncə və ya tikləri varsa, müəyyən perfomans qayğıları varsa, depressiv düşüncələri və ya hansısa başqa bir problem varsa o uşaq məktəbə getməkdən imtina edə bilər. Həm də nəzərə almaq lazımdır ki, bir uşağın diqqət əksikliyi və ya hiperaktivliyi varsa, o halda həmin uşağa hər hansı qayda qəlibinə salınmaq ağır gələcək. Bəzi şagirdlər üçün bu çətinlik yeni məktəbə başlamaq, yeni müəllimlə tanış olmaq, yeni sinifə getmək məsələlərindən də doğa bilər. Bəzi uşaqlar ailə mühitində gərginlik yaşayarsa, xüsusilə evdə analarına qarşı istər fiziki, istər psixoloji şiddət görərsə, o halda da uşaq evdən getmək istəməz. Çünki düşünər ki, o evdən getsə, anasına nəsə ola bilər. Bu səbəbdən də analarının yanında olmaq istəyərlər. Amma onların yaşamış olduğu problemləri rahat ifadə edə biləcəkləri mühit yaratmalıyıq ki, içlərində gizli saxladıqları o hissləri bizlə paylaşa bilsinlər.

- Bu cür problem yaşayan uşaqlara məktəbi, müəllimlərini və məktəb yoldaşlarını necə sevdirmək olar?
- Məktəbi, müəllimləri və ya məktəb yoldaşlarını sevdirmək məsələsinə gəldikdə birinci onlar arasındakı məsələləri aydınlaşdırmaq laızmdır. Həqiqətən sevdirmək lazımdırmı onları? Müəllimin sevilməsi üçün onun seviləcək davranışlara sahib olması lazımdır. Müəllim şagirdlərin fiziki, emosional və ya onların zehni auralarına, onların sərhədlərinə hörmətlə yanaşmalıdır. Şagirdə qışqıraraq, kiçik və böyük zorakılıq tətbiq edərək, ondan icazəsiz nəyinisə alaraq, ona təhqiredici hərəkətlərə və ya sözlərə yer verərək ünsiyyət qura bilməyəcək. Məktəb yoldaşları ilə problem yaşanıbsa, məktəbi, müəllimi və ya yoldaşını uşağa sevdirmək istəyi elə də effektiv olmayacaq. Hər məsələnin başında dayanan problemin səbəbini araşdırmaq dayanır. Əgər sevməyə aid pozitiv fikir formalaşdırmaq bizim gündəmimizdirsə, ona məktəbi təbliğ edəcəksən. Orada qarşılaşacağı mühitdən bəhs edəcəksən. Məcburi sevgi olmaz. Onu 20 il sonrakı hədəflə yükləmək olmaz. Çünki o səbəb və nəticəni bir-birilə uzlaşdıra bilmir.

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top