"Tofiq Yaqublunu itirə bilərik" – Həkim


"İndi atayla (Tofiq Yaqublu ilə - red.) danışdım. Bu gün bizim qanuni zəng günümüz idi. Səsi çox zəif gəlirdi. Vəziyyəti çox pisdir. Dəhşətli dərəcədə halsızdır. Dedi ki, köməksiz ayağa dura bilmirəm, nə qədər çalışıram yumruğumu sıxa bilmirəm, gözüm cox pis görür, artıq eynək belə kömək etmir".

Yeniavaz.com xəbər verir ki, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat yayıb.
N.Həzi bildirib ki, bu gün atasından qan analizi götürülüb, nəticəsi çox pis çıxıb:
"Təcili qan köçürülməsinin zəruriliyi yaranıb. İndi qan bankından qanın alınması prosesi gedir. Həkim qeyd etdi ki, həyatı üçün ciddi təhlükə var. Hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik.
Hakimiyyət Tofiq Yaqublunu indi azadlığa buraxmasa, biz onu itirəcəyik. Zaman isə sürətlə Tofiq Yaqublunu ölümə aparır".
O həmçinin atasının müraciətini də bildirib: "Balam, mən ölürəm. Artıq heç taqətim qalmayıb. Sümüklərim çox sızıldayır. Bilmirəm nə qədər ömrüm qalıb. Bircə bunu bil ki, mən bu mübarizəmi M.Ə. Rəsulzadəyə ithaf etmişəm. Demokratiya uğrunda mübarizə aparan belarus xalqına da öz dəstəyimi bu yolla bildirirəm.
Hakimiyyət tez bir zamanda qərar verməlidir. Ya məni azadlığıma qovuşdurmalıdır, ya da mən sudan imtina edib ölümün tez gəlməsini gözləyəcəm".
Qeyd edək ki, sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən isə o, aclıq aksiyasına başladığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top