Həkim kardioloq İlahə Ağayevanın Yeniavaz.com-a müsahibəsi:
- İlk öncə invaziv kardiologiya haqqında məlumat verərdiniz...
- Kardiologiyada iki növ müayinə metodu var: İnvaziv və qeyri-invaziv. Qeyri- invaziv kardioloji metodlar EKQ, ExoKQ, Stress-test, Till-Test, Ritm və Təzyiq Holterlər, kardiak MRT və s. aiddir. İnvaziv kardioloji metodlar isə birbaşa damara, bədənə müdaxilə edilən metodlardır. Buna angioqrafiya metodu aiddir. ”Angion”- yunanca damar, ”graphein”- çəkirəm deməkdir. Angioqrafiya pasiyentin damarlara kontrast maddə yeridilərək rentgen şüaları altında damar görüntüsünün alınmasıdır. Kontrast maddənin hansı damara yeridilməsindən asılı olaraq arterioqrafiya, venoqrafiya və ya limfoqrafiya kimi növləri olur. Ürək xəstəlikləri zamanı isə koronar damarların keçiriciliyi, tromboz, emboliya, müxtəlif damar anomaliyalarının və yaxud darlıqların olub-olmamasını isə selektiv koronar angioqrafiya vasitəsilə müayinə edirik. İntervension kardiologiya daha çox 1970- ci illərdən bu günə kimi geniş inkişaf etdiyi üçün bir çox ürək xəstəliklərinin erkən
diaqnostikası və müalicəsi də xeyli asanlaşmışdır. Angioqrafiya vasitəsilə təkcə ürəyin tac damarları deyil, eyni zamanda serebral, renal, periferik damarların da diaqnostik müayinəsi aparıla bilər.
- Pasiyentə hansı hallarda invaziv kardiologiya metodları, hansı hallarda əməliyyat tövsiyə olunur?
- Pasiyent ilk öncə bizə kliniki şikayətlərini deyir. Məsələn, ürəyim ağrıyır, sinəm göynəyir,qolum keyiyir, yol gedəndə təngnəfəs oluram və s. Bu zaman rutin müayinələr EKQ, ExoKQ, bəzi qan təhlilləri və s. aparılır. Daha sonra əgər bizdə ürəyin işemik xəstəliyinə şübhə yaranarsa, xəstəni digər əlavə müayinələrə yönləndiririk. Həmçinin, “tredmeel” qaçış aparatında stress-testdən keçiririk. EKQ- dən sonra nadir hallarda olur ki, birbaşa pasiyentin “angio” laboratoriyasına göndərilməsini tələb edirik. Bu, yanlız kəskin koronar sindromlarda və infarkt zamanı olur. Amma ümumi olaraq kardioloji şikayətlə gələn pasiyent dinlənilir, tam və ətraflı müayinələrdən keçirilir, sonra isə diaqnoz qoyulur. Belə ki, EXO zamanı ürəyin atma fraksiyasının azalması, seqmentar divar hərəkət qüsurunun olması və s., stress-testdə pasiyentin birinci və ikinci mərhələdə qaça bilməməsi, sinədə göynəmələrin, ST seqmentinin çökmələrinin yaranması, kardiomarkerlərin qanda yüksəlməsi bizdə damarda darlıqların olmasına artıq müəyyən şübhələr yaradır.
Bir sonrakı mərhələdə isə bu darlıqların neçə faiz olduğunu, lokalizasiyasını təsbit etmək və aradan qaldırmaq üçün pasiyenti angioqrafiya müayinəsinə göndəririk. Həmin patologiyalar erkən aşkarlandıqda, xəstənin həyatı xilas olmuş və həyat keyfiyyəti yaxşılaşmış olur. Əbəs yerə deyil ki, angioqrafiya müasir dövrümüzdə ürək işemik xəstəliklərinin diaqnostikasinda “qızıl standart” sayılır. Ümumiyyətlə, angioqrafiya müayinəsindən sonra həkim üç qərar verə bilər. Birinci medikamentoz-dərman müalicəsi, ikinci balonlama və stent, üçüncü isə aorta- koronar şuntlama əməliyyatı. Ürəyin hər üç tac arteriyasında və ya sol ana koronar arteriyada ağır riskli darlıqlar varsa, ilk öncə stent yox, şuntlama əməliyyatını nəzərdə tuturuq. Çünki bu xəstələr koronar-baypass əməliyyatından daha çox fayda görürlər. Amma bu şərtlər də mütləq deyil, məsələn hər üç damarında darlıq olan xəstənin əməliyyat riski yüksəkdirsə və ya xəstə açıq əməliyyatdan imtina edirsə, o zaman üçdən çox stentın implantasiyası nəzərdə tutula bilər.
- El arasında belə bir deyim var, “Stentin ömrü qısa olur”. Bununla razılaşmaq olarmı?
- Xeyir, elə deməzdim. Stent bildiyimiz kimi damar daxilinə implantasiya olunan metal və ya polimerlərdən hazırlanmış silindr formalı metal bir qəfəsdir. Stendin iki növü var: dərmanlı və dərmansız. Dərmanlı stentlər daha uzunömürlü olurlar. Çünki onların içəri səthinə hüceyrə poliferasiyasını əngəlləyən xüsusi dərmanlar hopdurulmuş olur ki, onlar damar intiması - iç səthi ilə əlaqədə olur və damardan axan qanla birbaşa təmas edir. Bununla da daralmış nahiyəyə qoyulmuş stent daha uzun müddət damar daralmalarının qarşısını alır və daha uzunömürlü stentlər sayılır. Pasiyentlərin çoxu stent qoydurduqdan sonra deyir ki, “Mən stent qoydurmuşamsa, damarlarım açılıb, artıq dərman qəbul etməyə bilərəm”. Bu, təmamilə yanlış fikirdir. Doğrudur, stent damarları açır və trombozu aradan qaldırır, lakin xəstəliyi yox etmir. Həmin aterosklerotik proses orqanizmdə getməkdə davam edir, açılan sadəcə konkret damarlardır. Dərman qəbul edilməsə, həmin damarlar yenidən tutula bilər. Ümumiyyətlə, stendə qulluq da lazımdır.
Yəni, pasiyent dərmanlarını vaxtı-vaxtında qəbul etməli, vaxtı-vaxtında həkim müayinəsində olmalı, qan təzyiqi, qanda şəkər, lipid profili, realogiya və s. nəzarətdə olmalı, qida, rejim və pəhriz qaydalarına əməl etməlidir. Bir sözlə, həyat tərzi dəyişməli və xüsusilə ilk bir il ərzində daha diqqətli olmalıdırlar. Əgər qoyulan stentlər ilk bir il ərzində tutulmasa, sonradan tutulma ehtimalları xeylı aşağı olur.
- Ürəyə stent qoyulandan sonra pasiyentin vəziyyətinin ağırlaşması və hətta, dünyasını dəyişməsi halları ilə rastlaşmışıq. Bu səbəblər nədən irəli gəlir? Əməliyyatmı səhv edilir, ya stentdən sonra problemlərin olması normaldırmı?
- İstənilən invaziv müayinə metodunun və ya əməliyyatın müəyyən ağırlaşmaları və riskləri var. Amma baxır onun faizinə və dərəcəsinə. Bunlara qasıq nahiyəsində əməliyyat aparılan damar boyu ağrıların, şişkinlik, göyərmə və hematomanın olması, bilək nahiyəsində kanyul çəkilməsi zamanı spazmanın olması, müəyyən vagal reaksiyalar, kontrast maddəyə qarşı allergik reaksiya və bəzi çox nadir görülən bir sıra digər ağırlaşmalar ola bilər. Lakin ümumilikdə götürdükdə angioqrafiya əksər xəstələrdə fəsadsız keçir və bu zaman ola biləcək ağırlaşmalar ümumilikdə, 5%-dən aşağıdır. Əksinə, biz damarı angioqrafiya edib stentləməsək, həmin şəxsin ölüm riski daha çox olur. Stent seçimini: sayını, ölçüsünü, növünü invaziv kardioloq özü müəyyən edir. Yəni, daralmış damara baxılır, damar anatomiyası nəzərə alınır, darlıq stendə uyğundursa, darlıq dərcəsi 70 %-dən artıqdırsa, pasiyentin hər hansı metala, opak-kontrast maddəyə xüsusi allergik reaksiyası və ya ağırlaşma verə biləcək yanaşı gedən əlavə xəstəliyi yoxdursa, o zaman protokollara uyğun bir şəkildə stent implantasiya oluna bilər. Yadda saxlamaq lazımdır ki, hər damara stent qoymaq olmaz, sadaladığımız məqamlara diqqət etmək lazımdır. Sadaladığım faktorlar nəzərə alınaraq perkutan koronar müdaxilə aparılarsa, əməliyyat tam rahat, fəsadsız keçir və xəstə 24 saat, yəni bir gün sonra evə yazılır, tam normal həyat tərzinə geri dönür.
- Ümumiyyətlə, kimlərə stent qoymaq olmaz?
- İlk öncə yaş faktoru nəzərə alınır və yaşı 70-dən yuxarı, kəskin infeksion xəstəliyi, kəskin ürək, böyrək çatışmazlığı, kəskin insult, ağır forma qanazlığı, kəskin mədə- bağırsaq və ya digər yanaşı gedən ağırlaşma verə biləcək xəstəliyi olan pasiyentlərə məsləhət görülmür. Çünki o zaman bir orqanda deyil, bir neçə orqanda patoloji proseslər gedir və bunlar xəstənin vəziyyətini ağırlaşdıra bilər. Belə ki, pasiyent eyni zamanda bir neçə dərman preparatlarını uzun müddət qəbul etməlidir və hər dərman preparatının da özünün əks təsirləri ola bilər. Bunlar artıq bizi stent qoymaqdan və ya əlavə invaziv müdaxilələr etməkdən çəkindirir və o zaman müalicəni medikamentoz üsul ilə davam etdiririk.
- Ürək problemləri arasında ən geniş yayılmışı infarktdır. İnfarktın ilkin əlamətləri hansılardır?
- Doğrudur, miokard infarktı insanlar arasında daha çox təşvişə səbəb olur. Sinədə göynəmələrin, yanmaların olması, ağrıların sol qola, çiyinə, çənəyə irradiasiya etməsi, üzü küləyə yoxuşlu yollarda sinədə yanmaların olması, döş sümüyü nahiyəsində təzyiq, sıxılma hissinin olması, infarktın abdominal forması zamanı isə ürəkbulanma, qusmanın olması, halsızlıq, təngnəfəslik, hətta, rəngin tündləşməsi infarktın əlamətləridir. Diabetli xəstələrdə isə klinika bir qədər
silinmiş olur və əlamətlər özünü belə aydın biruzə vermir. Xəstələr yanlız yol gedərkən və ya hər hansı bir fiziki iş görərkən təngnəfəs olduqlarını qeyd edirlər. Çünki şəkər xəstələrində ağrı hissiyyatı zəifləyir. Mənim belə pasiyentlərim çox olub. Bəzən olur ki, şəkər xəstələri ayaqüstü infarkt keçirirlər. Yəni, özləri belə bilimirlər, yanlız müayinə əsasında görürük və deyirik ki, siz nə vaxtsa, infarkt keçirmisiniz. Bundan başqa, angioqrafiya zamanı görürük ki, pasiyentin müvafiq damarı tutulub, lakin ürəyində həmin nahiyənin qan təhcizatı saxlanılıb. Çünki, həmin damar tutulsa da, əlavə damar şaxələri - kollaterallar o qədər inkişaf edib ki, ürəyin həmin nahiyəsi qidalanıb. Ümumiyyətlə, ürək xəstəlikləri artıq gəncləşdiyi üçün insanların, ən çox da irsiyyətində ürək-damar xəstəliyi olan və siqaret çəkən kişilərin 35 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinə olunması tövsiyə edilir. Elə gənclər var ki, çoxlu energetik içkilər içirlər, ancaq xəbərləri yoxdur ki, ürək problemləri var. Sonra qəfil ürək tutması ilə gətirirlər, məlum olur ki, ürək problemi var və energetik içkilər həmin şəxsə olmazmış. Bəzən də spirtli içki ilə energetik içkini qarışdırıb içirlər. Bu isə bir çox aritmiya, ürək ritminin pozulması hallarına gətirib çıxara bilər. Hətta, müasir gənclər dopinq effektli protein tərkibli xüsusi bioəlavələrdən çox istifadə edirlər. Həmin maddələrin uzunmüddətli qəbulu miokarda mənfi təsir edir. Gənclərimiz və idmançılarımız ilk öncə sağlam qidalanmaya fikir verməlidirlər.
- Son zamanlar həkimlərin bir çox xəstələrə və yaşlı insanlara qan durulaşdırıcı kimi profilaktik məqsədlə aspirin tableti yazması standart hal alıb. Hətta, bir ara aspirinin koronavirusdan qoruduğu deyilirdi. Bu dərmanı hər kəs istifadə edə bilərmi?
- Əvvəllər protokollarda da qeyd olunurdu ki, ürək işemik xəstəliklərinin profilaktikası məqsədi ilə 40 yaşdan yuxarı bütün insanlar, xüsusilə də kişilər aspirini davamlı olaraq qəbul edə bilərlər. Lakin tibb inkişaf edir və ötən il aktual olan, qəbul edilən qaydaları bu il təkzib edirik. Müasir protokollara görə aspirini rutin olaraq insanlara vermək artıq doğru deyil. Çünki, bu əlavə mədə qanaxmalarına, bir sıra serebro-vaskulyar problemlərə səbəb ola bilər. Qanda laxtalanma problemi, ürəyin işemik xəstəliyi, şəkərli diabeti yoxdursa, ürəyin risk faktorları azdırsa, standart olaraq gündəlik aspirin qəbul etməməlidir. O ki qaldı, koronaviruslu xəstələrə... Onlarda ağırlaşmalar ilk öncə ağciyərdə getsə də, eyni zamanda damardaxili laxtalanma problemləri də olur və tromboz gedir. Həmin xəstələrdə qanın realogiyası kəskin sürətdə pozulur, trombotik fəsadlar yaranır. İlk öncə ağciyər kapilyarlarında yaransa da, sonradan digər orqan və toxumalarda da sürətlə inkişaf edir. Ona görə də, həmin xəstələrə aspirin, heparin, fraksiparin, enoksiparin və s. kimi qan durulaşdırıcı dərmanların qəbulunu tövsiyə edirik.
- Son olaraq oxucularımıza tövsiyələriniz…
- Ürəyinizin qədrini bilin! Ürək elə bir orqandır ki, biz dincəlsək də, o dincəlmir, daima işləyir. Ona nə qədər diqqət edib, qulluq etsək, ömrümüz bir o qədər uzun olacaq. İldə bir dəfə kardioloji “chekc-up” müayinələrdən keçsinlər, oturaq həyat tərzindən, zərərli vərdişlərdən, stressdən uzaq olsunlar. Bunlar birbaşa ürəyin işemik xəstəliklərinə gətirib çıxarır. Başqasının ürək, təzyiq dərmanlarını istifadə etməsinlər. Çünki, bu dərmanlar həkim tərəfindən bir neçə faktorlar nəzərə alınaraq hər xəstəyə individual olaraq təyin edilir. Odur ki, həkim məsləhətlərinə düzgün riayət etsinlər, sağlam qidalanma, rejim və pəhriz qaydalarını gözləsinlər. Hər kəsə, xüsusilə də, pasiyentlərimə kardioloji sağlam olmalarını arzulayıram.
İlahə Hüseynova