Bu gün DTX tərəfindən tutulan sabiq Baş prokuror Eldar Həsənov kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın sabiq Baş prokuroru, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənov barəsində  xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr olduğu üçün DTX tərəfindən saxlanılıb.
Yeniavaz.com sabiq Baş prokuroru və hazırkı səfirin tərcümeyi halını təqdim edir:
Eldar Həsənov 1955-ci il 10 oktyabr tarixində Kəlbəcər rayonun Laçın kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası alıb.
1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini, Baş Prokurorun birinci müavini və Respublika Baş Prokuroru vəzifələrini tutub.
Eldar Həsənov 26 aprel 2000-ci ildə baş prokurorluq daxilində qeyri-sağlam mühit yaradılması, cinayət əməlinin üstünün ört-basdır edilməsi və digər ittihamlar əsasında Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən vəzifəsindən azad olunub.
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi olub. "İctimai qaydanın mühafizəsi işində əla xidmətlərinə görə" medalı ilə təltif olunub. Mütəşəkkil cinayətkarlıq, narkotizm, terrorizmə qarşı mübarizə üzrə 20-yə qədər kitabın, 100-dən artıq elmi işin müəllifidir. İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının Administrativ Şurasının, Beynəlxalq Kriminologiya Cəmiyyətinin üzvü, Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın Direktorlar Şurasının vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavinidir. Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.
2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib. Rumıniyadakı səfirlik Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olub.
Onu da bildirək ki, 2015-ci ildə AYB sədri, xalq yazıçısı Anarın nəvəsi Günel Anarqızının qızı Eldar Həsənovun qardaşı oğlu Vüsal Həsənovla nikaha daxil olub.
 

DİGƏR XƏBƏRLƏR

Top