IT sektorunda çalışanlar Lukaşenkoya xəbərdarlıq ediblər


"Belarus IT sektorunda çalışan 300-dən çox direktor hakimiyyətə müraciət edib. Onlar zorakılığı dərhal dayandırmağa, tutulanları buraxmağa və yeni, demokratik seçkilər keçirməyə çağırıblar. Xəbərdarlıq ediblər ki, vəziyyət dəyişməsə, mütəxəssislərin ölkədən kütləvi axını başlayacaq, sektorun inkişafı və investisiyalar dayanacaq, nəticədə bu sahədən büdcəyə vergi daxilolmaları da azalacaq". Yeniavaz.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib. Politoloq IT sektorunda çalışanların siyasətə qarışmasını önəmli addım kimi dəyərləndirib:
"Belarusla az-çox maraqlananlar orada IT sektorunun ciddi inkişaf etdiyini bilirlər. Bu sahədə təxminən 1500 şirkət fəaliyyət göstərir və 85 mindən çox adam çalışır. Belarus IT şirkətlərinin 50-dən çox ölkədə, o cümlədən ABŞ, Kanada və AB ölkələrində müştəriləri var. 2018-ci ildə bu sahənin 3,1 milyard dollar gəliri olub. IT sektorunun ÜDM-də payı 5,7 faizdir. Müqayisə üçün deyim ki, tikintinin payı 5,4%, nəqliyyatın 5,8%, kənd və meşə təsərrüfatının payı isə 6,4%-dir.

Yəni, IT-şniklərin siyasətə qarışması önəmli məsələdir. Dövlət televiziya kanallarından da istefalar başlayıb. Artıq 4 jurnalist işdən ayrılıb.

Litva, Latviya və Polşa Lukaşenkonu yeni seçki keçirməyə çağırıblar. Sabiq Ukrayna prezidenti Poroşenko da eyni çağırışı edib. Cümə günü Avropa Birliyi Belarus rejiminə qarşı sanksiyaların bərpasını müzakirə edəcək. Mən bu seçkilərin Lukaşenkonu bitirdiyi barədə fikrimdə qalıram".

DİGƏR XƏBƏRLƏR

Top