Belarusla əlaqələrdən kim daha çox qazanır: Azərbaycan, yoxsa Ermənistan? – RƏQƏMLƏR


Bazar günü Belarusda keçirilən prezident seçkilərinin nəticələri sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər tərəfindən də ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın tərəfində olduğunu söyləyərək seçkilərin nəticəsinə dəstək ifadə etsələr də, bəziləri seçkilərin saxtalaşdırıldığını, insanlara qarşı zorakılıq tətbiq olunduğunu söyləyərək nəticələrə qarşı çıxıblar.
Yeniavaz.com
açıqlanan rəsmi statistikalara istinadən bildirir ki, siyasi münasibətlərdən fərqli olaraq Belarus-Ermənistan və Belarus-Azərbaycan iqtisadi əlaqələrində Ermənistan tərəfi daha çox iqtisadi mənfəət əldə edir.
Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, ötən il Azərbaycandan Belarusa 21,1 milyon dollar dəyərində məhsul ixrac olunub. Əvəzində Belarusdan Azərbaycana 206,1 milyon dollar dəyərində məhsul idxal olunub. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycan-Belarus ticarət əlaqələrində 185 milyard dollar dəyərində mənfi saldo qeydə qeydə alınıb. Bir neçə il əvvəl Belarusun paytaxtı Minskdə keçirilən tədbirdə çıxış edn sabiq İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanda Belarus kapitallı 30 şirkət, Belarusda isə Azərbaycan kapitallı 60 şirkət fəaliyyət göstərir. 
Azərbaycandan fərqli olaraq Ermənistan-Belarus ticarət əlaqələrində müsbət sado qeydə alınıb. Ermənistan XİN-in rəsmi veb saytında qeyd olunur ki, otən il Ermənistandan Belarusa 52,6 milyon dollar dəyərində məhsul ixrac edib və əvəzində Belarusdan Ermənistana 20,1 milyon dollar məhsul idxal olunub.  Ermənistanda fəaliyyət göstərən Belarus kapitallı şirkətlərin sayı 80, Belarusda fəaliyyət göstərən Ermənistan kapitallı şirkətlərin sayı isə 55 olub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top