İcra başçısı Tovuz döyüşlərində yaralanan zabitlə görüşdü - FOTO


"1 ay öncə  Ermənistan-Azərbaycan sərhədində düşmən növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Bu, növbəti təxribat idi. Bundan əvvəlki dövrlərdə də Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atdılar. Azərbaycanın geosiyasi xəritədə mövqelərinin dayanmadan möhkəmlənməsi, Ermənistan rəhbərliyinin öz ölkəsində nüfuz sahibi ola bilməməsi daxildə ciddi narahatçılıq yaradıb. 2016-cı ilin aprel ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə onlara tutarlı cavab verdi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirib və düşmənə sarsıdıcı zərbələr endirib. Tovuz döyüşləri bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Eyni zamanda bu döyüşlərdə ordumuz öz peşəkarlığını göstərdi".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə Tovuz döyüşlərində yaralanan Neftçala şəhər sakini, Azərbaycan Ordusunun zabiti, baş leytenant Talıbov Saleh Bilal oğlunu ziyarət edərkən qeyd edib.

İcra başçısı COVID-19 pandemiyası dövründə məhdud sayda şəxsin iştirakı ilə keçirilən görüşdə zabitin qayğıları və müalicəsinin necə davam etməsi ilə yaxından maraqlanıb. Həmçinin Rayon Mərkəzi Xəstəxanasına S. Talıbova xüsusi diqqətin ayrılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Zabitimiz öz döyüş xatirələrindən, ordumuzun zəfərindən söhbət açıb, tez bir zamanda səhhətində irəliləyiş gözlədiyini və ordu sıralarına yenidən qayıtmaq istədiyini vurğulayıb.

Saleh Talıbov və ailə üzvləri Ali Baş Komandanın əmri ilə ordumuzun sıralarına hər an qoşulmağa hazır olduqlarını qeyd ediblər və göstərilən xüsusi diqqətə görə Prezident İlham Əliyevə  öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top