Hamı kimi sosial şəbəkədə öz məktəbimizin axtarışına çıxdım. Gördüyüm fotolar, video materiallara baxdıqdan sonra həyəcanımı gizlədə bilməyib yaxın dostlarımın bir neçəsinə məktəbimizin durumu barədə suallar verdim.
Məsələ mən gördüyüm qədər ciddi və dözülməz vəziyyətdə imiş.
Lənkəran rayonunun (3-cü böyük qəsəbəsi, əhalisi 10 mindən yuxarı) Aşağı Nüvədi qəsəbə orta məktəbi çox ağır dönəmini yaşamaqdadı.
Biganə qalmaq olmadı. Araşdırmalarımı ürək ağrısıyla davam etdim.
Məktəbin giriş hissəsində uçulmaq üzrə olan tavan bu yaxınlarda - nə yaxşı ki, məktəblərin bağlı olduğu vaxtda tamamilə uçmuş, məktəbli balalarımıza xətər ytirməmişdir. Son 40 ildə ciddi təmir görməmiş məktəbimiz çürük, nəm qoxuyan döşəmələrdən, uçulmaq təhlükəsi olan dam örtüyündən vahiməli şəkil almışdır.
Lənkəran şəhərinin 3-4 kilometrliyində yerləşən Aşağı Nüvədi qəsəbə orta məktəbi sovet dönəmində sayılıb-seçilən məktəblərdən olmuş, cəmiyyətimizə yüzlərlə ziyalı-müəllim, həkim, iqtisadçı və digər peşələr üzrə mütəxəsislər hazırlanması yolunda gənc nəslin yetişməsində böyük rol oynamışdır.
Məlum olduğu kimi prezidentimiz tərəfindən dəfələrlə təhsil müəssisələrinin təmiri, yeni müasir standartlara uyğun avadanlıqların təmin olunması üçün vəsaitlər ayrılır.
Nədənsə, məktəbimizin şəhər mərkəzinə bu qədər yaxınkən unudulmağına çox üzüldüm.
Ümid edirəm ki, tezliklə prezidentimiz və Təhsil nazirliyinin göstərişi ilə məktəbimizin təmirinə diqqət yetiriləcək və yeni nəsil körpələrimiz daha səliqəli və keyfiyyətli sinif otaqlarında təhsil alacaqlar.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat katibi Cəsarət Valehov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, yaxın müddətdə Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin vəziyyəti ilə bağlı tədbir görüləcək.
Səfa Rəşid