Beyrut limanındakı güclü partlayışın səbəbi - ammonium nitrat duzu


Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu (partlayıcıların və ya azot gübrələrinin hazırlanmasında istifadə olunur – Red.) partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib.

“Oğurluq hallarının qarşısını almaq məqsədilə doldurulma dəliklərində qaynaq işləri aparılarkən limanda saxlanılan 2700 tondan çox ammonium nitrat duzunun partlaması baş verib”, - deyə telekanal xidmət rəhbərinə istinadən bildirib.

A.İbrahim həmin maddələrin gəmi ilə Afrikaya göndəriləcəyi üçün limanda saxlanıldığını deyib.

Livan prezidenti Mişel Nəim Aun isə ammonium nitrat maddəsinin 5 ildən artıq müddətdə limanda təhlükəsizlik qaydalarına əməl olunmadan saxlanılmasını “qəbuledilməz” adlandırıb və buna görə məsul şəxslərin ciddi cəzalandırılacağını vurğulayıb.

O da qeyd olunur ki, həmin maddələrin olduğu yük bir neçə il əvvəl qaçaqmalçılıq zamanı ələ keçirilib və məhv edilməsi üçün bu günədək limanda saxlanılıb.//APA

DİGƏR XƏBƏRLƏR

Top