BNA texniki xidmətlər üçün bu şirkətə 828 min manat ayırdı - RƏSMİ


Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "ARIS” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “ARIS” MMC BNA-nın sifarişi əsasında “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “ARİS” MMC-yə 828 min 360 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “ARİS” MMC 19.03.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanou, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Qanuni təmsilçisi Haqverdiyev Ruslan Rüstəm oğlu olan “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. Mətbuatda yer alan məlumatlardan (təkzib olunmayıb) belə görünür ki, BNA 2019-cu ildə “ARİS” MMC ilə 2 müqavilə imzalayıb.  1 milyon 201,8 min manat dəyərində olan birinci müqavilə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınmasını və quraşdırılmasını nəzərdə tutur. İkinci müqavilə çərçivəsində şirkət BNA-yə bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avadanlıqları təqdim edəcək. İkinci müqavilənin dəyəri 1 milyon 595,4 min manat olub.
Məlumat üçün qeyd edək ki, bugünə (04.08.2020) olan məlumata görə “ARIS” MMC-nin dövlət büdcəsinə 68 min 836,62 manat vergi borcu var.  
Tenderin qalibi olan “ARIS” MMC-dən yeniavaz.com-a daxil olan məlumatda bildirilir ki, şirkət tender prosesində tamamilə qanunauyğun şəkildə iştirak edib. Bildirilir ki, tender müsabiqəsinə sənədlər təqdim olunan zaman “ARIS” MMC-nin dövlət büdcəsinə vergi borcu olmayıb: "Qeyd olunan borc yeni yaranmış vergi borcudur və yaxın zamanlarda borcun ödənilməsi həyata keçiriləcək".



A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top