
Zamiq Məmmədli adlı şəxs sosial şəbəkələrdə atası Dağbəyi Məmmədova "HB Güvən Klinikası"nın həkimləri tərəfindən səhv diaqnoz qoyulduğunu və bunun nəticəsində D. Məmmədovun dünyasını dəyişdiyini iddia edib.
Yeniavaz.com xəbər verir ki, Z. Məmmədli bildirib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edəcək:
“Atamı 15-20 iyun arası yəni 1 həftə "HB Güvən Klinikası"na yerləşdirdik. Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər. Ödədim. 15 iyunda "sətəlcəm" deyə guya "müalicə" edib daha da ağırlaşdırdılar. Dedik bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil. "HB Güvən"də yazılan ağır dərmanlar mədəsindəki yarları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi. "HB Güvən Klinikası"nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil. 20 iyunda atamı "HB Güvən Klinikası"ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.
Atam 26 iyulda vəfat etdi. 1-ci qrup Qarabağ əlili idi. "HB Güvən"dən heç olmasa üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi, ya da dedilər ki, get hara istiyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!
Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər(nədənsə revmotestlər), sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar. Mən soruşdum ki, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var. "HB Güvən Klinikası" isə pul qazanmaq üçün atama "sətəlcəm" deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işkəncə veriblər.
Vəziyyəti o qədər ağırlaşdı ki, 26 iyulda ağrılar içində vəfat etdi. Atam bəlkə də bir neçə il, və ya bir neçə ay uzun yaşayacaqdı, amma "HB Güvən Klinikası" deyilən qəssabxanada pula görə səhv diaqnozlarla həyatını daha da qısaltdılar”.
Z. Məmmədli atasının “HB Güvən Klinika”sına gətirilən zaman və evə buraxılanda çəkilmiş fotolarını da paylaşıb.



Məsələ ilə bağlı “HB Güvən Klinikası”ndan Yeniavaz.com-a açıqlama verilib. Xəstəxana rəhbərliyi bildirdi ki, qoyulan diaqnoz, aparılan müayinə və müalicə ilə bağlı verilən qərarların arxasındayıq:
“Xəstə bədən temperaturunun yüksək olması, təngənəfəslik, ümumi zəiflik, halsızlıq, iştahsızlıq, qeyri adekvat davranışlar və.s şikayətlərlə müraciət etdiyinə görə müvafiq protokollara uyğun olaraq müayinə və müalicə olunub.
Pnevmoniya (adi sətəlcəm) ilə bağlı vəziyyət həm şikayət, eləcə də laboratoriya göstəricilərinə görə tamamilə gerilədikdən sonra əlavə şikayətlərin meydana çıxması bizə mümkün onkoloji vəziyyətin ola biləcəyini göstərdiyi üçün bu əsasla xəstədən əlavə onkomarker baxılmasını ailəsindən xahiş etdik.
Biz həkimlər hər zaman mövcud şikayət və göstəricilər əsasında müayinə, müalicə etmək məcburiyyətindəyik.
Xəstəyə əsaslandıra bilmədiyimiz heç bir əlavə müayinə və müalicə apara bilməzdik.
Buna görə də klinikamızda ancaq xəstənin konkret şikayəti və bu şikayət, eləcədə ilkin müayinə göstəriciləri əsasında sonrakı müayinə və müalicəsi həyata keçirilmişdir.
Qoyduğumuz diaqnoz, apardığımız müayinə və müalicə ilə bağlı verdiyimiz qərarların arxasındayıq, iddiaları qətiyyətlə rədd edir”.