Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu deyilən bankın vəziyyəti AÇIQLANDI


Bu ilin ilk yarımillik nəticələrinə əsasən “Bank BTB” ASC-nin aktivləri 360 milyon 161,83 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 milyon 389.33 min manat, yəni 18.5% artım deməkdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Bank BTB” tərəfindən açıqlanıb.
Açıqlanan məlumatda qeyd olunur ki, hesabat dövrü ərzində “Bank BTB”nin kredit portfelində də artım müşahidə olunur. Belə ki, kredit portfeli üzrə göstərici 235.157 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19%-a yaxın artım deməkdir.
İkinci rübün nəticələrinə əsasən Bank BTB-nin depozit portfeli 134 437 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (116 622 min manat) 15%-ə yaxın artım deməkdir. Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır.
2020-ci ilin yanvar-iyun dövrü ərzində Bank BTB-nin cəmi gəlirləri 16 milyon 522 min manat, cəmi xərcləri 15 milyon 306 min manat təşkil edib. İkinci rübün yekununda bankın əməliyyat mənfəəti 1 milyon 216,2 min manat təşkil edib.
30.06.2020-ci il tarixinə Bankın məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 61 milyon 108,74 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, "Bank BTB" ASC-nin səhmlərinin 75%-inin Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə, 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur. Uzun illərdir mətbuatda "Bank BTB"nin əsas səhimdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir. İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top