İnsanlar karantində daha çox avtomobil sürüblər? – Benzin və dizelin satışı artıb


Bu ilin iyun ayında Azərbaycanda 105,6 min ton avtomobil benzini, 188,6 min ton dizel yanacağı istehsal edilib.
Yeniavaz.com
-un açqılanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə benzin istehsalı 32,6% azalıb, dizel istehsalı isə 4,1% artıb.
Qeyd edək ki, iyun ayında pərakəndə ticarət şəbəkələrində 180,8 milyon manatlıq benzin və dizel satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çox olub.
Onu da qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mart ayından etibarən avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub. 24 mart 2020-ci il tarixindən isə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Mart ayının 27-də Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə  bildirib ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən sərnişin daşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir və onların sayı gün ərzində 3 000 - 4 000 nəfərdən 300 nəfərə düşüb. Nazir həmçinin qeyd edib ki, tətbiq edilən karantin rejimi ilə əlaqədar şəhərdaxili nəqliyyat vasitələrindən istifadə edənlərin sayı da 80% azalıb. Eyni zamanda bu ilin iyun ayında şənbə və bazar günləri sərt karantin rejimi səbəbindən avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.
Maraqlıdır ki, açıqlanan rəsmi statistika ötən illə müqayisədə insanların avtomobil yanacağına daha çox pul xərclədiyini göstərir.
Müqayisə üçün 2019-cu və 2020-ci illərin ilk 6 ayı ərzində avtomobil yanacağına xərclənən vəsaiti təqdim edirik.
  2019-cu il 2020-ci il
Yanvar 164,6 mln. manat 166,5 mln. manat
Fevral 144,1 mln. manat 145,1 mln. manat
Mart 184,5 mln. manat 170,3 mln. manat
Aprel 144,9 mln. manat 144,7 mln. manat
May 175,8 mln. manat 180,7 mln. manat
İyun 176,1 mln. manat 180,8 mln. manat
 
Məlumat üçün bildirək ki, son 3 ayda avtomobil yanacağının qiymətində heç bir artım olmayıb. Hətta mart ayının 13-də Azərbaycanda “Aİ-95” markalı yanacağın qiyməti 20%, “Aİ-98" markalı yancağın qiyməti isə 12,5% ucuzlaşıb. 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top