Bağlanan bankın əmanətçisi: "Bu dövrdə kömək etməkdən, əksinə pulumuzu alırlar"


Bağlanan “NBC Bank” əmanətçilərindən biri olan İsayeva Nailə Cavanşir qızı əmanətinin sığortalandığı halda sığortasız kimi qəbul edildiyini bildirib.
O, bu barədə Yeniavaz.com müraciət edərək sığortalı 15 min manat əmanətin sığortasız qəbul etdiyini bildirib:
“2020-ci ilin yanvar ayından sonra, sığortalı əmanətlərimizi “NBC Bank”a qoymuşuq, lakin bunu qəbul eləmirlər. Bununla bağlı Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) bildirdilər ki, sığortalı əmanətinizi biz sığortasız sayırıq və ödəniş edə bilmərik. Çünki, “NBC Bank”a əvvəlcədən bildiriblər ki, həmin əmanətləri qəbul etmək olmaz, lakin bank da qəbul edib. Buna görə də əmanətlərimizi sığortasız elan ediblər. Halbuki əlimizdə möhürlü müqaviləmiz və kitabçamız var. Bunu banklara bildirmişdilərsə ən azından bizə də bildirərdilər, çünki əmanəti qoyan bizik. Pandemiya vaxtı bizi salıblar küçələrə. Hamı o pulu dar günü üçün yığmışdı, iş də yoxdur nəynən dolanmalıyıq. Öz pulumu əlimnən vermişəm, ayağımnan axtarıram. Başqasının pulunu istəmirəm ki. Bu dövrdə bizə kömək etməkdən, əksinə əlimizdən alırlar. İndi də deyirlər ki, məsələni Nazirlər Kabinetinə bildiriblər, ordan da Konstitusiya Məhkəməsinə göndəriləcək və çalışacağıq ki, iş sizin xeyrinizə olsun. Belə sözlər deyə-deyə bizi yola verirlər. 100-dən çox insanın əmanətlərini vermək istəmirlər”.  
Qeyd edək ki, bu il may ayının 12-də kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə AMB-nin İdarə Heyəti “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank”ın və “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank”ın lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Ötən ayın 25-də isə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev, “AtaBank” ASC, “Amrahbank” ASC, “AGBank” ASC və “NBC Bank” ASC-nin bir zamanlar qanunsuz olaraq götürdüyü əmanətlərin müvəqqəti olaraq blok edildiyini açıqlamışdı. O bankları blokdan çıxarmağa çalışacaqlarını, mümkün olmadığı təqdirdə isə, qanunsuz qəbul edilmiş əmanətlərlə bağlı məsələnin vətəndaşların xeyrinə həll edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirmişdi.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top