Kosovonın baş naziri Avdullah Hoti Təhlükəsizlik Şurasının iclasından sonra verdiyi açıqlamada ölkədə fövqəladə vəziyyət elan edilməyəcəyini açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Avdullah Hoti, Kosova Təhlükəsizlik Şurasının iclasında ölkədə fövqəladə hal elan olunmasa da, koronavirusa qarşı sərt tədbirlər görüləcəyini bildirib. Hoti, tətbiq olunacaq tədbirlərin sona qədər həyata keçirilməsi fikrində olduqlarını açıqlayıb. Baş nazir həmçinin bildirib ki, lazım olduğu halda fövqəladə vəziyyət elan oluna bilər.
Hoti, bütün müəssisələrin qaydalara riayət etməli olduğunu deyib. Onun sözlərinə görə müfəttişlər və polis tez-tez yoxlama aparacaq. Müvəqqəti olaraq ölkədə dini ayinlərin icra olunmasına qadağa qoyulub. Baş nazir insanlara maska taxmağı, sosial məsafə və gigiyena qaydalarına əməl etməyi tövsiyyə edib. Qaydalara əməl etməyənlərə pul cəzası tətbiq olunacaq.
Bu günə kimi Kosovada koronavirusa ümumi yoluxma sayı 4715, ölüm sayı isə 101 nəfər olub. Ölkədə bu günə kimi 27 min 723 nəfərə COVID-19 testi edilib.