Ölkəyə gələnlər bu səbəblə təyyarədə xüsusi sənəd imzalayırlar – RƏSMİ AÇIQLAMA


“Azərbaycan dövləti tərəfindən verilən tapşırıqlar əsasında “Azərbaycan Hava Yolları” QSC Bakı-Berlin və Bakı-London çarter reysləri barədə danışıqlar aparıb və davamlı şəkildə təşkili üzrə razılıq əldə edilib”.
Yeniavaz.com
xəbər verir ki,  Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzTV-yə müsahibəsində deyib. 
O bildirib ki, İstanbul-Bakı, Bakı-Berlin, Bakı-London və Bakı-Dubay istiqamətlərində danışıq artıq son mərhələdədir və müvafiq sənədlərin mübadiləsindən sonra həmin istiqamətlər üzrə uçuşlarla vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq:
“Təbii ki, müntəzəm xarakter daşıyacaq çarter reysləri ilə yanaşı, konkret məntəqələr üzrə də vətəndaşlarımızın ölkəyə təxliyyəsi təmin olunur. Bu həftə və gələn həftə üzrə təxliyyə proqramları bəllidir. Bu həftə Moskva-Bakı üzrə “Evə gedirəm” portalında qeydiyyata düşən vətəndaşlarımızın təxliyyəsi təmin olunacaq. Kiyev-Bakı istiqamətində xüsusi reys təşkil edilib, Ər-Riyad - Bakı reysi həyata keçirilir.
Gələn həftə ərzində Doha-Bakı, Moskva-Bakı reysləri olacaq. Eyni zamanda Mərkəzi Asiya ölkələrində olan vətəndaşlarımızı birləşdirərək, təxliyyəsi üçün konkret reyslərin təşkili istiqamətində işlər aparılır. Bütün bunlar dövlətimizin vətəndaşlarına diqqət və qayğısının nəticəsidir”.
H.Hacıyev onu da qeyd edib ki, bu reyslər təşkil edilən zaman sanitar-gigiyenik qaydalara əməl olunması şərtdir:
“İstər Azərbaycan vətəndaşı, istərsə də ölkəmizə gəlmək istəyən xarici ölkə vətəndaşları, mütləq müəyyən olunmuş məntəqələrdə testlərdən keçməlidirlər. Şərtlərdən biri də ondan ibarətdir ki, ölkəmizə gələnlər təyyarənin göyərtəsində xüsusi iltizam sənədi imzalayırlar ki, 14 gün müddətində xüsusi karantin rejimində olacaqlar. Eyni zamanda sinxron qaydada, iAMA sistemi vasitəsilə, sərhədimizi keçən vətəndaşların məlumatları icazə verilmə sistemlərin portallarına yüklənir ki, onlar smslə müraciət etdikləri təqdirdə onlara icazə verilməsin və karantin rejimin tələblərinə əməl olunsun. Bu ölkəmizə gələn xarici vətəndaşlar üçün də keçərlidir. Vətəndaşlarımız bunu anlayışla qəbul edirlər. Əsas məqsəd vətəndaşlarımızın, onların ailə üzvlərinin sağlamlığının, cəmiyyətimizin və dövlətimizin qorunmasıdır”.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top