Naxçıvan qeydiyyatı olanların MR-dan Bakıya gəlməsinə icazə verilmir?


"Aviakassanın qarşısında şəxsiyyət vəsiqəsinə baxırlar və Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olanların içəri keçib bilet almasına icazə vermirlər".
Bu sözləri Yeniavaz.com-a müraciət edən və adlarını açıqlamaq istəməyən bir qrup Naxçıvan Muxtar Respublika sakini deyib. Onlar bildirirlər ki, iş yerləri paytaxt Bakıdadır və Novruz Bayramı ərəfəsində gəldikləri Naxçıvandan çıxmalarına icazə verilmir.
Bu iddialarla bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Beynəlxalq Hava Limanı ilə əlaqə saxlamağa çalışdıq, lakin sözügedən qurumların rəsmi saytlarında heç bir əlaqə vasitəsi tapa bilmədik.
AZAL-dan Yeniavaz.com-a bildirdilər ki, bu məsələ onların səlahiyyətində deyil:
“Biz nümayəndəlik tərəfindən siyahını alırıq və bu siyahıya əsasən biletləri veririk. Siyahını biz tərtib etmirik. Bu məsələ bizlik deyil”.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyindən isə telefonlarımıza cavab verilmədi.

DİGƏR XƏBƏRLƏR

Top