“Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik təsdiq edildi


Əmanətlərin Sığortalanması Fondu illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), maliyyə bazarlarına nəzarət orqana və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
İndiyə qədər fond illik hesabatını və audit rəyini həm də Azərbaycan Respublikasının Prezidentinə təqdim edirdi.
Həmçinin fondun illik hesabatında nəzərə alınan siyahıya da dəyişiklik edilib.
Dəyişikliyə əsasən illik hesabata Fondun illik maliyyə hesabatları və iştirakçı bankların reyestri daxil ediləcək.
İndiyə qədər illik hesabata fondun illik mühasibat balansı; Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabat; Fondun pul vəsaitlərinin hərəkəti barədə hesabat; iştirakçı bankların reyestri daxil idi.
Eyni zamanda fondun illik maliyyə hesabatlarının mötəbərliyi kənar auditor tərəfindən təsdiq ediləcək. İndiyə qədər fondun illik mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların mötəbərliyi kənar auditor tərəfindən təsdiq edilirdi.

DİGƏR XƏBƏRLƏR

Top