Bakıda kirayə evlərin qiyməti artıb?


Koronavirus pandemiyası insanların tətil planlarını da alt-üst edib. Sərhədlər bağlı olduğu üçün xarici ölkələrə səyahət etmək mümkün deyil. Ölkə daxilində də rayonlara gediş-gəliş məhdudlaşdırıldığından paytaxt sakinlərinin diqqəti Bakıətrafı kənd və qəsəbələrdə yerləşən bağ evlərinə yönəlib.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yeniavaz.com-a açıqlamasında bildirib ki, bağ evlərinə tələbat xeyli artıb.
Bu isə kirayə qiymətlərinə ciddi təsir göstərib. Həm aylıq, həm də günlük qiymətlərdə kəskin bahalaşma var:
“Pandemiya ilə əlaqədar ötən illə müqayisədə qiymətlərdə bu il artım çoxdur. Ötən il 1000 manata verilən ev bu il 2000 manata təklif olunur. Hovuzu olan bağ evlərinin isə minimum qiyməti 2000 manatdan başlayır. Hətta 2000 manata da tapmaq artıq mümkün deyil. 3000,3500 manat və daha artığına təklif olunur. Fərdi yaşayış evləri bu il 1500 manata təklif olunur. Halbuki ötən il həmin evlər 700-750 manat idi. Hazırda Bilgəh qəsəbəsi üzrə bağ evlərinin əksəriyyəti icarələnib. Avqust ayında istirahət mövsümü başlasa, otellərin fəaliyyəti, daxili və xarici turizm bərpa olunsa qiymətlər ötən ilki vəziyyətinə qayıda bilər. Əgər vəziyyət dəyişməsə yayın sonuna kimi bahalaşma gözlənilir”.
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında isə vəziyyət stabildir:
“Paytaxtın mənzil bazarında 1 otaqlı evlər üçün qiymətlər 200-250 manat, 2 otaqlılar 300-350 manat, 3 otaqlılar isə 350 manatdan yuxarı qiymətə verilir. Yeni tikililərdə isə 1 otaqlı evlər 300 manatdan, 2 otaqlılar 400 manatdan yuxarı, 3 otaqlılar isə 500 manatdan yuxarı qiymətə təklif olunur. Ötən il ilə müqayisədə kirayə qiymətlərdə bu il cüzi azalma müşahidə olunur. Pandemiya bina evlərində kirayə qiymətlərinin düşməsinə səbəb oldu”.
İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top