Əməkdar artisti Tofiq Hüseynov vəfat edib


Əməkdar artist Tofiq Hüseynov dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Akademik Milli Dram Teatrının mətbuat xidməti yayıb.
Məlumata görə, Tofiq Hüseynov xərçəng xəstəliyindən vəfat edib.
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir çox teatrların səhnəsində çalışıb, müxtəlif obrazlarda oynayıb. Bunlar Rza bəy (“O olmasın, bu olsun”, Ü.Hacıbəyov), Əzrayıl (“Bu meydan, bu şeytan”, F.Aşurov), Mərd Mazarov (“Adamın adamı”, Anar), Hacı Namazalı (“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə), Tülkü (“Cücələrim”, T.Mütəllibov ), Cəbi (“Hacı Qəmbər”, N.Vəzirov ), Şah Kreon (“Medeya”, J.Anuy), Vəzir Zəban (“Tomris”, O.Altunbay) obrazlarıdır.
Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. Onlardan Komiyonçu - “Kəllə” (N.Hikmət), Knyaz Orbeliani - “Brüsseldən məktublar”(H.Həsənov), Oqtay - “Rəqabət”(B.Vahabzadə), Hacı Kərim - “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan - “Eloğlu” (A.Şaiq), Qala rəisi - “Xurşidbanu Natəvan” (İ.Əfəndiyev), Bekar Ağabala - “Dirilən adam” (Mir Cəlal), Katib - “Ölüləri qəbiristanlıqda basdırın” (İ.Şıxlı), Ağamusa Fərəcov - “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev), Əcəl - “Alın yazısı” (T.Minnullin) və digər obrazları tamaşaçılar maraqla qarşılayıb.
Aktyor “Meteranpaj” (Kamayev), ”3 mollanın sərgüzəşti” (Mola Vəli), ”Şkafda adam” (Ər), Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir), “Dəvətnamə” (Briqadir), ”O dünyadan salamlar” (Əli bəy), “Bahar ərəfəsində” (Direktor) və s. filmlərə çəkilib.
Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
 

DİGƏR XƏBƏRLƏR

Top