Aydın Mirzəzadə iradlara cavab verdi: “Onlara quru “sağ ol” deyim?”

Bir neçə gündür, sosial şəbəkələrdə Milli Məclisin deputatı Aydın Mirzəzadənin ad günü münasibətilə onu təbrik edənlərin siyahısını yayması müzakirə edilir.

Müzakirələrdə iştirak edənlər deputatın bu siyahını dərc etmək üçün zaman ayırmasına irad tutublar. 

A.Mirzəzadə bildirib ki, bir qrup insan deputatları adi insani xasiyyətlərdən məhrum robot kimi təsəvvür edir:

“Onlara elə gəlir ki, deputat günün 24 saatı ancaq siyasətlə, qlobal məsələlərlə məşğuldur. Onun şəxsi həyatı, mövzuları yoxdur. Deputat da insandır. Hamının yaşadığı həyatdan o da yaşayır. Əksinə, deputatın sosial şəbəkədə aktivliyi onun insanlarla açıq olmasını göstərir. Ad günü ildə bir dəfə olur. Çox sayda insan vaxt ayıraraq, mənim səhifəmə, poçtuma məktub yazıb. Telefonuma çox sayda təbrik zəngi gəlib. Mən bu insanlara quru sözlə “sağ ol” deyim? Bəs bu insanların mənə ayırdıqları vaxt, diqqət? Bunları mən qiymətləndirilməli deyiləm? Ona görə də vaxtımın bir hissəsini mənə göndərilən təbriklərin siyahısını tərtib etməyə sərf etdim. Kimsə hesab edirsə ki, bu, çox böyük vaxt və zəhmət tələb edir, mənə elə gəlir ki, onların dəftərxana işindən xəbərləri yoxdur. Artıq mən bir neçə ildir bunu edirəm. Mən görürəm ki, insanlarda bu, maraq doğurur. Siyahını yayandan sonra onu iki dəfə də yeniləməli oldum. Müəyyən sayda insanlar mənə yazaraq adlarını siyahıda tapmadıqlarını bildirdilər.

Deputatlıq səlahiyyətimin yerinə yetirilməsinə gəlincə isə, qoy kimsə mənə desin ki, nəyisə səhv edirəm. Seçicilərimlə görüşürəm, onların problemlərini parlamentdə qaldırıram. Onlayn görüşlər keçirirəm. Daim cəmiyyətin içindəyəm. Mənim mobil telefonumun nömrəsini respublikada hər kəs bilir. İstədikləri vaxt istənilən məsələylə bağlı mənə zəng edə bilirlər. Əlavə olaraq, deputat kimi nə etmişəmsə, qoy kimlərsə mənə iradını bildirsin. Mənə irad bildirənin səhifəsinə daxil oluram və görürəm ki, onun statusunu cəmi iki nəfər bəyənib. Mən ona sual verirəm ki, sən özün nə qazanmısan? Mən başa düşürəm ki, siyahını dərc etmək yenilikdir, ancaq bunda qəbahət görmürəm”. //qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top