“Yoldaşım hamilədir, ailəlikcə qızdırmalı olsaq da təcili yardım gəlmir” – Sumqayıt sakini


Yaşıldərə Yeni Sumqayıt Bağları 2 ünvanında yaşayan Paşayev Şaiq Muxtar oğlu valideynləri və özünün 38 temperaturu olduğu halda təcili yardımın gəlməməsindən şikayətçidir.
Bu barədə Yeniavaz.com-a müraciət edən Sumqayıt sakini qeyd edib ki, təcili yardımdan onlara zənglərin çox olduğuna görə gələ bilmədiklərini deyiblər:
“İyul ayının 24-ü səhər saatlarında baxdım ki, teperaturum var. Bir neçə gün heçnə etmədən gözlədim. Daha sonra sistem qoydurdum. 1-2 gündən sonra valideynlərim, hamilə həyat yoldaşım və uşaqlarda da qızdırma oldu. Tanış həkim var idi, o da koronavirusa yoluxub sağalmışdı, ona zəng etdik, uşaqlar üçün müalicə yazdı. İndi uşaqlarda və yoldaşımda qızdırma yoxdur. Lakin məndə 10, valideynlərimdə isə artıq 5-6 gündür temperatur var. Atam isə bir ay bundan öncə açıq ürək əməliyyatı keçirib, dörd damarı dəyişdirilib. Eyni zamanda, yoldaşım hamilə olduğu üçün onda boğulmalar olur. Bu vəziyyətdə isə boğulmalar daha da arta bilər. Bu gün təcili yardıma zəng etdim, oradan bizə başqa nömrə verdilər. Həmin nömrəyə yığdım götürən olmadı.  Yenidən təcili yardıma zəng etdim, adresi qeydə aldılar. 2 saat vaxt keçsə də gələn olmadı. Təcili yardıma bir daha zəng etdim, zənglərin çox olduğuna görə çatdıra bilmədiklərini dedilər. Temperaturumuz isə 37.5-39 arasında dəyişir”.
Sumqayıt sakini eyni zamanda bir neçə gündür TƏBİB-in qaynar xəttinə də zəng etdiyini lakin zənglərə cavab vermədiklərini bildirdi: “Hər dəfə zəng edəndə 30-cu və ya 50-ci adam olduğumuzu deyir. Növbəmizi gözlədikdən bir müddət sonra isə avtomatik məşğula düşürdü”.  
Şikayətçi bildirdi ki, təcili yardıma gec zəng etməsinin səbəbi xəstəxanaların baxımsızlığı ilə bağlı eşitdikləri və gördükləri olub.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top