Azərbaycanda 3 siyasi partiyanın sənədlərində dəyişiklik edilib - SİYAHI

Ədliyyə Nazirliyi 3 siyasi partiyanın təsis və digər sənədlərinə edilən dəyişiklikləri dövlət qeydiyyatından keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunan təsis və digər sənədlərinə edilən dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib. 
Məlumat üçün bildirək ki, Milli Vəhdət Partiyası 08.05.2002-ci il, Azərbaycan Milli Demokrat Partiyası 24.12.2008-ci il, Vahid Azərbaycan Partiyası isə 13.01.1993-cü ildə dövlət qeydiyyatına alınıb.
Onu da qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən ilk siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) hesab olunur. Bu partiya 17 iyul 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Azərbaycanda qeydiyyatdan sonuncu siyasi partiya Milli Dirçəliş Hərəkatı Partiyası olub. Bu partiya 31 may 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
9 illik fasilədən sonra bu il Azərbaycanda daha 4 siyasi partiya – Yeni Zaman Partiyası, Azad Demokrtlar Partiyası, Cümhuriyyət Xalq Partiyası və Müstəqil Xalq Partiyasının dövlət qeydiyyatına alınıb. Beləliklə, hazırda Azərbaycanda dövlət qeydiyyatına alınan siyasi partiyaların sayı 59-yə yüksəlib. Bugünə kimi 2 siyasi partiyanın - Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı isə ləğv olunub.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top