Zərdab sakinlərinin Mərdan Camalzadə ilə bağlı iddialarına İcra Hakimiyyətindən CAVAB


Zərdab rayon Gödəkqobu kənd sakinlərinin rayonun icra başçısına qarşı səsləndirdikləri iddialar və suvarma suyu ilə bağlı yaşadıqları çətinliklər barədə xəbər vermişdik.
Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Yeniavaz.com-a açıqlama verilib. Bildirilib ki, zəbt olunmuş torpaqlar barədə araşdırma aparılması üçün komissiya yaradılıb:
“Zərdab rayonunun bir sıra kəndlərinin sakinləri tərəfindən Rayon İcra Hakimiyyətinə məktubla və müxtəlif sosial şəbəkələr vasitəsilə  bələdiyyə torpaqlarının, o cümlədən ümumi istifadədə olan örüş torpaqlarının ayrı-ayrı şəxslər tərəfindən zəbt olunması və qanunsuz istifadə edilməsi barədə kollektiv müraciətlər daxil olub. Məlumat üçün bildiririk ki, bütün kəndlərin ərazisində torpaqların zəbt olunması 2020-ci ilə kimi baş verib. Vətəndaşların müraciətləri mütəxəssislər tərəfindən araşdırılıb və 18.02.2020-ci il tarixdə Rayon İcra Hakimiyyəti Başçısının 18 nömrəli sərəncamı ilə xüsusi komissiya yaradılıb.
Gödəkqobu kənd sakinlərinin kollektiv müraciətinə əsasən may ayında vətəndaşların ümumi rəyləri nəzərə alınmaqla 3 nəfər kənd sakinini cəlb etməklə komissiya tərəfindən araşdırmalar aparılıb. Komissiya ilk növbədə bələdiyyənin torpaq sahələrinə, o cümlədən ümumi örüş sahələrinə, sonra isə komissiyaya təqdim olunmuş sənədlərə (icarə müqaviləsi, mülkiyyət və icarə hüququnu təsdiq edən sənədlər və s.) baxış keçirib. Müəyyən olunub ki, Gödəkqobu  bələdiyyəsinin mövcud xəritə  üzrə  (2004-cü  ildə  təsdiq  olunmuş) sahəsi 474,61 hektardır.
Ümumi örüş torpaqlarının 106,25 hektarı ümumi istifadədə saxlanılıb, hazırda boşdur və kənd əhalisinin istifadəsindədir”.
İcra hakimiyyətindən verilən açıqlamada qeyd olunub ki, Gödəkqobu kəndindəki zəbt olunmuş göllərin və torpaq sahələrinin böşaldılması üçün müvafiq göstərişlər verilib:
“Gödəkqobu bələdiyyəsi üzrə mövcud təbii sututarın 28,3 hektarı müqavilə əsasında balıqçılığın ikişaf etdirilməsi məqsədi ilə 3 nəfərin  istifadəsinə  və  icarəsinə verilib. Həmin sututarların icarəyə verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmaqla, şəhadətnamə ilə qeydiyyata alınıb. Hamıya məlum olduğu kimi bütün aran rayonlarında o cümlədən Zərdab rayonunda da suvarma suyunun verilməsində müəyyən çətinliklər var. Buna banmayaraq hazırda Gödəkqobu kəndində növbəlilik əsasında pambıq və yonca sahələrinin suvarılması təmin edilir.  
Hazırda zəbt edilmiş örüş sahələrinin və təbii sututarların boşaldılması ilə əlaqədar Gödəkqobu bələdiyyəsinə komissiya tərəfindən müvafiq göstərişlər verilib. Zəbt olunmuş torpaq sahələrinin və sututarların (göllər) ayrı-ayrı şəxslər tərəfindən könüllü şəkildə boşaldılmayacağı təqdirdə müvafiq sənədlərin toplanaraq məhkəməyə müraciət edilməsi bələdiyyəyə tövsiyə olunub. Hazırda ayrı-ayrı fiziki şəxslər tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahələrinin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin tapşırığı ilə boşaldılması üzrə tədbirlər davam etdirilir”.
Qurumdan bildirilib ki, kənd sakinlərinin yaydıqları məlumat böhtan xarakterli olduğu üçün bu barədə məhkəməyə müraciət olunacaq:
“Gödəkqobu kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı və bəzi internet saytlarında icra başçısı barədə yazılmış ifadələr böhtan xarakterlidir və heç bir hüquqi əsası yoxdur. Şər, böhtan danışan vətəndaşlar barədə Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırılacaqdır”.

DİGƏR XƏBƏRLƏR

Top