SOCAR-ın mənfəəti kəskin azaldı - 84 milyard dövriyyəyə qarşı 651 milyon manat - RƏSMİ


Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, ötən il SOCAR-ın  xalis mənfəəti isə 651 milyon manat olub və bu göstərici əvvəlki illə müqayisədə 46,8% az olub. Qeyd edək ki, SOCAR-ın 2018-ci ildə 1 milyard 224 milyon manat olub.
Şirkətin uzunmüddətli aktivləri 2019-cu ildə 7,8% artaraq 46,2 milyard manata çatıb. Aktivlərlə bərabər SOCAR-ın öhdəlikləri də artıb. Son bir il ərzində şirkətin ümumi öhdəlikləri isə 7,5% artaraq 41 milyard manat təşkil edib.                               
Audit olunanmaliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olub. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 milyard manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 milyard manata yüksəlib.
Hesabat ilində şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib. Bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşüb. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb. Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 milyard manatı İsveçrədəki SOCAR Trading və SOCAR Energy Holding şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.
2019-cu ildə müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə olunub. Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınıb ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və Ümid yatağında hasilatın yüksəlməsidir.
Ötən il SOCAR bəzi törəmə müəssisələrində iştirak payını artırıb: SOCAR Polymer şirkətində onun payı 52,15%-dən 57,01%-ə, Bakı Gəmiqayırma Zavodunda 70,21%-dən 87,47%-ə yüksəlib.
Qeyd edək ki, şirkətin 31.12.2019-cu il tarixinə hazırlanan maliyyə hesabatları, əvvəlki illərdə olduğu kimi, nüfuzlu beynəlxalq audit şirkəti “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən müsbət rəy veriləndən sonra ictimaiyyətə təqdim olunur.

DİGƏR XƏBƏRLƏR

Top