Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 29 iyun tarixindən başlayan həftədən etibarən qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi çarter reysləri həyata keçiriləcəkdir.
Yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.
İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.
Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılmışdır. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.
Reyslərin tarixləri, təyyarə biletinin qiyməti, tələbələrə şamil olunacaq güzəştlər və digər tələb və şərtlər barədə əlavə ətraflı məlumat veriləcəkdir.
Bakı-İstanbul xüsusi reysi barədə videoçarxı izləyə bilərsiniz: