Gələcək nəsillərlə “korona” söhbəti... - HEKAYƏ


Yenə nəvələri babanın ətrafına toplanmışdılar. Sanki bu dəfə onlar nəsə fərqli bir şey öyrənmək, babalarından nə isə xüsusi bir şey soruşmaq istəyirdilər... Aralarından biri dilləndi: “Babacan, bizə "ikinci Nuh tufanı"ndan danışsana...” “İkinci Nuh tufanı” ifadəsi ağsaqqala bir az qəribə gəlmiş və onu fərqli üfüqlərə aparmışdı... Bu dəfə də nəvələrdən bir başqası dilləndi: “Hə, baba, sənin cavanlıq dövründə baş verən o dünya miqyaslı hadisəni deyirik. Sən o günləri görmüşdün. Nələr olmuşdu, nələr yaşanmışdı? Bir az bizə danışsana...”
Ağsaqqal gənclərin nə istədiklərini bəri başdan anlamışdı... Sadəcə koronavirusunun necə də gəlib “ikinci Nuh tufanı” ola bildiyinə heyrətlənirdi. Düzdür, tədqiqatçıların, arxeoloqların qeyd etdiyinə görə, Nuh tufanı dünya səviyyəsində deyil, Mesopatomiya bölgəsində, Dəclə və Fərat çaylarının arasında və lokal çərçivədə baş vermişdi. Ancaq insanlar nisbi uyğunluqlar quraraq bu iki hadisəni bir-birinə bənzətmişdilər.
“Korona” günlərindən hardasa yarım əsrlik bir vaxt keçmiş, o günlərdə bütün dünyanın iki aya yaxın evlərə “həbs” olması və ardınca yaşananlar bu hadisənin tarixə "ikinci Nuh tufanı" adı ilə keçməsinə səbəb olmuşdu. Təbii ki, belə bir tarixi hadisəni şahidlərinin dilindən eşitmək gənclər üçün çox dəyərli idi...
Gənclər babalarını çox yaxşı tanıyırdılar. Kimdən nə soruşduqlarının da fərqində idilər... Baba da öz danışıq tərzinə uyğun sözə başladı:
- Hə gənclər, dediyiniz kimi mən də o günləri görmüşdüm. Təbii ki, o iki aylıq təcrid günlərində hər gün mütəmadi işə getməli olan, virusa rağmən evdən çıxmalı olanlar da var idi. O gün xəstəliyə yoluxanlarla birbaşa ünsiyyət qurmalı olanlar məhz tibb işçiləri idilər. Hətta bu səbəblə tibb işçilərindən də həyatını dəyişənlər olmuşdu. Düzdür, o günlərdə biz tibb işçiləri kimi virusla ən ön sırada mücadilə etməmişdik. Biz və digər yüzlərcə peşə və iş sahiblərinin əsas işi isə o günlərdə maksimum hərəkətsiz qalmaqdı.
Bizim ən yaxşı töhfəmiz mümkün qədər evdən çölə çıxmamaq, gigiyenik tələblərə maksimum əməl etmək idi. Bir də içində mən də olmaqla yüzminlərlə insan işini evə daşımış, evdən həm də bir ofis, bir iş yeri kimi istifadə etməyə başlamışdıq. O günləri xatırladıqca nədənsə ağlıma tarixdə yer altında şəhərlər qurub, orada yaşayan insanlar, mədəniyyətlər gəlir. “Korona” günlərində də hardasa bütün dünya sanki yer altına enmişdi. Bir-birimizlə canlı ünsiyyət bir müddətlik unudulmuş, əlimizdə tək çarə olaraq internet və sosial media vasitəsilə virtual ünsiyyət qalmışdı.
Aradan yarım əsrə yaxın vaxt keçib. Baxmayın indi ofis və ev bir-birinə qarışıb. Demək olar ki, bugünkü vəziyyəti əsas tətikləyən də məhz o “korona” günləri olmuşdu. Əvvəllər ofis ofis, ev də ev idi. İndi dövran dəyişib. Sizə nədən misal verim... Bu dövrdə lap həkimlər belə evindən oturub əməliyyat edə bilirlər... Xəstə başqa diyarda əməliyyat masasında yatır, həkim isə evindən, ya da başqa ölkədən xəstəni cərrahi əməliyyat edir.
Hə gənclər, bilirəm dediklərim sizə indi adi gəlir. Biz ixtiyarların gəncliyində belə şeylər heç ağlımıza da gəlməzdi... Kimiləri bunları xəyal adlandırırdı. Texnologiyanın inkişafı bunları mümkün hala gətirdi. Düzdür texnologiya hər zaman enkişaf edirdi. Ancaq “korona” günləri və sonrakı illərdə yaşananlar bu inkişafı daha da tətikləmiş, inanılmaz dərəcədə bir sıçrayışa səbəb olmuşdu. Bu gün hər şey göz qabağındadır. Deyəsən bu gün həmin dövrü boş yerə “ikinci Nuh tufanı” adlandırmayıblar...
Ağsaqqal babanın hələ deyəcək sözləri var idi. Gənclərin yuxarıdakı istək və sualı ixtiyar babanı gənclik illərinə aparmışdı... Gözlərini məchul bir nöqtəyə zilləyib bir müddət eləcə qaldı, sonra söhbətinə davam elədi:
-Bilirsiz, o günə qədər ölkə tarixində belə bir təcrid, belə bir evə qapanma yaşanmamışdı. Siz bir də onu düşünün ki, bütün bunlar dünya səviyyəsində baş verirdi. Küçələr, yollar, məktəblər, iş yerləri, zavod və fabriklər, böyük marketlər heç o günlər qədər sakit və insansız qalmamışdı. İnsana elə gəlirdi ki, sanki yollar çəkilib, ancaq maşınlar hələ icad edilməyib.
Bu sakitlik dünya səviyyəsində dini ayin yerlərində, məscidlərdə, kilsə və sinaqoqlarda da yaşanmışdı. Müsəlmanlar Kəbəni heç o günlər qədər tənha və zəvvarsız görməmişdilər. Həmçinin digər dinlərin ziyarət yerləri də bu cür boş, tənha qalmışdı. Təbii ki, belə bir halda bu koronavirusu ilə bağlı o günlərdə yanlış və ya doğru çox sözlər söylənirdi. Ekranlarda, yutub kanallarında bu virusla həm də dinlərin axırına çıxmaq istənildiyi ilə bağlı bir çox sözlərin, fikirlərin səsləndiyinə şahid olmuşdum.
Həqiqətən də məscidlər heç o günlərdəki qədər boş qalmamışdı. Gündəlik namazlar, cümə namazları, Ramazan ayında qılınan təravihlər və bayram namazı üçün inananlar məscidlərə gedə bilməmişdilər. Dünyanın fərqli yerlərində futbol meydançalarında, geniş meydanlarda insanlar ara məsafəsini qoruyaraq Ramazan ayının sonunda bayram namazını qılmışdılar. Sonraları gördük ki, “korona” günlərində dinlərin sonuna çıxmaq istəyirlər və s. bu qəbildən söylənilən sözlər, bir çox yorum və şərhlər elə deyildiyi yerdə qaldı, havaya sovrulub getdi. Tarix boyu nə hansısa siyasi sistem, nə hansısa diktator, nə də o koronavirusu inancı, inanma hissi və ehtiyacını bəşər övladının əlindən ala bildi.
Yadımdadır, o günlərdə virus haqqında bir çox insanın işi sanki qorxu, xof yaymaq idi. Açığı həmin yorumları, qorxu ssenarilərini dinləyəndə özümə bəzi suallar verirdim... Görəsən bu virusda mütləq şər olma ehtimalı varmı? Dünyada şərin varlığını qəbul edirdim. Dünyada şər olaraq gördüyümüz hadisələr də var. Ancaq bu haqda oxuduqlarım, o günə qədər sahib olduğum bilgilər dünyada mütləq şərin olmayacağı barədə idi. Şər nisbi xarakter daşıyırdı. Bu vinvalla da koronavirusu səbəbilə baş verənləri olsa-olsa nisbi bir şər olaraq görmək olardı. Hənçənd bizim şər olaraq gördüklərimizdə xeyir də gizlənə bilərdi... Onu da unutmamalıyıq ki, dünyada şər heç vaxt hakim ola bilməsə də yaşadığımız dünya şərin meydana gəlməsi üçün uyğun şərtlərdə yaradılıb. Əks halda yaşadığımız dünya, dünya deyil, cənnət olardı.
Gənclər babalarını diqqətlə dinləyirdilər... Bu arada ağsaqqalın önündən sanki 50 illik bir zaman dilimi götürülmüşdü. O günləri, o günlərdə düşündüklərini dünən olmuş kimi gənclərə danışırdı...
Ağsaqqal koronavirusunun gətirdiyi pandemiya şəraitinin illərdir insanların düşüncələrində yer etmiş bəzi fikirlərin silkələnməyə, yerindən oynamağa səbəb olduğunu qeyd edirdi. O dövrdə illərdir müdafiə olunan bəzi fikirlər artıq saf-çürük edilməyə başlamışdı.
Baba o günlərdə diqqətini çəkən bir məqamı da gənclərlə bölüşdü... Ümumiyyətlə həkimlər, tibb işçiləri əksər hallarda bilərək və ya bilməyərək pozitivizmə meyilli olurlar. Yəni, Allaha yer vermədən, Allahın adını anmadan tibbin, ümumiyyətlə elmin ən incəliklərinə qədər öyrənirlər. Beləcə, misal üçün, insan bədənində baş verən bütün proseslər determinist izahlarla, səbəb-nəticə əlaqəsinə bağlı qalaraq öyrənilirdi. Əlbəttə, səbəb-nəticə əlaqəsinə bağlı qalmaq tibb elmi üçün vazkeçilməzdir. Gəl gör ki, min dəfə böyütdükdən sonra görə biləcəyimiz bir virus qarşısında o günlərdə bütün dünyada səhiyyə sisteminin aciz qalması, səhiyyə sisteminin çökmə həddinə gəlməsi və ya virusa yoluxanların çoxluğu səbəbilə tələbi qarşılaya bilməməsi həkimləri, tibb işçilərini, ümumiyyətlə pozitivizm düşüncəli şəxsləri öz qənaətlərinə, düşüncələrinə yenidən nəzər salmağa sövq etmişdi. Təbii ki, insanı Allahı düşünməyə, bütün məxluqatın Yaradanını axtarıb tapmağa sövq edən hər hansı bir hadisə ilk baxışda şər olaraq görünsə də, nəticəsi etibarilə şər ola bilməzdi.
O günlərdə sosial mediada yayılan görüntülər, Amerikada, Avropada koronavirusla mücadilə aparan həkimlərin, tibb işçilərinin xəstəxanalarda ağlayaraq toplu halda Uca Allaha dua etmələri, yaşanan hadisələr qarşısında insanların axtarış içərisində olduğunu, acizliklərini hiss etdiklərini göstərirdi. Təbii ki, Uca Allaha yaxınlaşmada insanların öz acizliyini dərk etmələri önəmli rol oynayırdı. Əksinə, burnu göydə gedən özündən müştəbeh insanlar haşa “mən Allaham” demə həddinə gəlib çatar, ya da kiçik dağları özünün yaratdığı zənninə qapılarlar.
O “korona” günlərində insan yeri gələndə parkda oturmağı, təmiz havada başını göyə qaldırıb səmanı seyr etməyi, şagird və ya tələbələrinə əvvəlki kimi üz-üzə baxaraq dərs deməyi, qohum-əqraba, dost-tanışla söhbət etməyi özləyirdi. Əslində bu sadalanan və sadalanmayan minlərcə misalın hamısı istisnasız olaraq Uca Yaradanın (c.c) biz bəndələrinə nemətidir. O “korona” günlərində insanların əlindən alınan bu nemətlər istər-istəməz insanı düşünməyə sövq edirdi. Nemətin qədrini bilmək neməti bizə qarşılıqsız verən Uca Yaradanı (c.c) düşünməyə sövq edən birinci dərəcəli amil idi.
O günlərdə insanı düşünməyə sövq edən o qədər məsələ ortaya çıxırdı ki, bütün bunları sadəcə tibbi və ya bioloji hadisə kimi görərək yan keçmək mümkün deyildi. Əlbəttə, koronavirusunun təbii və ya qeyri-təbii formada ortaya çıxması, yaxud çıxarılması məsələnin başqa bir tərəfi olaraq qarşımızda dururdu. Bu məqam da insanları düşündürürdü...
Gənclər diqqətlə babalarını dinləyirdilər. Söhbət onların xoşuna gəlmişdi. Sözün burasında gənclərdən biri sual vermək istədi. Baba da “buyur” dedi:
-Babacan, sizcə o virus necə yayılmışdı? Yəni tamamilə təbii yolla, yoxsa labarotoriya şəraitində insanlar tərəfindən hazırlanmışdı? Ya da başqa nə ola bilərdi?”
Bu sual ağsaqqal babanın xoşuna gəldi və suala görə gənci təqdir etdi. Baba suala bir neçə aspektdən cavab verməyə çalışacağını qeyd etdi:
- Yəqin mənimlə razılaşarsınız ki, bir alma toxumunun heç özü-özündən xəbəri yoxdur. Bir toxum sadəcə müəyyən bir iş və vəzifə üçün proqlamlanıb. Əks halda bir balaca toxum bizim damaq dadımızı necə bilir, bizim ehtiyacımız olan vitaminlərdən necə xəbərdar olur və balaca bir toxum ikən qollu-budaqlı ağac halına gələrək necə meyvə verir? Bir alma toxumu tamamilə sövqi-İlahi, yəni Uca Yaradanın yönləndirməsi ilə hərəkət edir. Alma toxumunun elmi olaraq inkişaf mərhələləri və bunun botaniki izahı sadəcə olaraq bu sövqi-İlahinin baş vermə şəklini bizə göstərir. Əks təqdirdə alma toxumundakı bu ağıllı, şüurları feillərin hamısını gərək elə alma toxumundan bilməmiz lazım gələcək.
Gəlin başqa bir misal da verim, sonra virus söhbətinə qayıdarıq... Qələmin ucundakı diyircəyi yəqin ki, bilirsiniz? Yuxarıda bəhs etdiyim alma toxumundan da balacadır. Onun da heç özü-özündən xəbəri yoxdur. Ancaq həmin qələmin ucundakı diyircəkdən necə-necə romanlar, şeirlər, tənliklər, nəzəriyyələr kağızlara tökülür. Biz bütün bunları o balaca diyircəyin etdiyini deyə bilərikmi? Əlbəttə, xeyr. Çünki o balaca diyircək bir qələmin parçasıdır və qələmi tutan bir əl var. Bütün proseslər də məhz qələmi tutan o əl tərəfindən icra edilir.
Koronavirusu məsələsinə də həm gənclik illərimdə, həm də elə indinin özündə məhz bu pəncərədən baxıram. Ölkə miqyaslı, dünya miqyaslı bu qədər hadisəni tətikləyən, sizcə, heç özü-özündən xəbəri olmayan balaca bir virus ola bilərdimi? Bu balaca virusun o qədər gücü var idi ki, şəhərləri, küçələri, yolları, iş yerlərini insansız qoysun, bütün insanları iki ay evlərə “həbs” etsin, yüzlərcə, minlərcə təyyarə havalimanlarında uça bilmədən eləcə gözləsin, insanlar səyahətlərini təxirə salsınlar? Sualları və misalları daha da çoxaltmaq olar...
Bu minvalla koronavirusunu ya alma toxumuna, ya da qələmin ucundakı diyircəyə bənzədə bilərik. Koronavirusunu alma toxumuna bənzətsək, o zaman bu virusun da o toxum kimi sövqi-İlahi (Uca Yaradanın yönləndirməsi ilə) hərəkət etdiyi mənasına gəlir. Yəni virus insan müdaxiləsi olmadan təbii yolla yayılıb. Yox, əgər koronavirusunu qələmin ucundakı diyircəyə bənzətsək, bu zaman da o diyircək kimi öz başına deyil, bir əl tərəfindən yönləndirildiyini deyə bilərik.
Bir sözlə, koronavirusu Allah tərəfindən göndərilən bir imtahan, ya da insan əməlinin bir nəticəsi ola bilərdi. Hər iki ehtimalda da nəticə yenə dəyişmirdi. Hətta bu baş verənlərin qəti olaraq insan əməlinin nəticəsi olduğu təsdiqlənsə də yaşananların uca Allahın bir imtahanı olmasına mane deyildi. Uca Allah bir insan əli ilə digər insanları imtahan edə bilər.
Gənclər, onu da qeyd edim ki, illər əvvəlki o “korona” günlərində təhlükənin fərqində olmaq, gigiyenik qaydalara, karantin şərtlərinə əməl etmək bizim üçün daha çox ön planda idi. İkinci planda isə bu təhlükənin nədən ibarət olduğu gəlirdi. Hərçənd özümüz və digər insanlar üçün bir təhlükə varsa, bunun çöldə gözləyən bir aslan, ya da bir virus olması o qədər əhəmiyyət daşımırdı. Hər bir halda təhlükənin fərqində olmaq, məsələnin ciddiliyini anlamaq daha önəmli idi.
Ağsaqqalın danışdıqları gəncləri sanki keçmişə, o “korona” günlərinə aparmışdı... Elə bil onlar babalarının düşüncə dünyasında tarixə səyahət etmiş, ekskursiyaya çıxmışdılar. Sonda bu maraqlı söhbət üçün gənclər babalarına təşəkkür etdilər.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top