XİN-dən Türkiyədə olan tələbələrlə bağlı AÇIQLAMA - Öncəlik kimlərdir?


Xəbər verdiyimiz kimi Azərbaycanda mart ayında koronavirus epidemiyasının yayılmasından sonra sərhədlər bağlandı. Sərhədlərin bağlanmasından sonra ölkəyə çarter reysləri vasitəsi ilə vətəndaşlar gətirilsə də, hələ də xarici ölkələrdə qalan bir çox vətəndaşlarımız var. Belə ki, mart ayından Türkiyədə qalan tələbələr ölkəyə qayıtmaq istədiklərini bildiriblər. Tələbələrin sözlərinə görə, mart ayından konsulluq siyahıya adlarını yazsa da, ölkəyə qayıtmaqla bağlı hələ bir məlumat deyilməyib: “Biz mart ayından konsolluqla əlaqədəyik, öncə getməklə bağlı adlarımızı siyahıya yazdırdıq, daha sonra ciddi karantin rejimi tədbiq olundu bu səbəblə gedə bilmədik. Konsulluğa bir neçə dəfə elektron məktub yazandan sonra kirayə haqqını ödədi və bir dəfə də ərzaq yardımı etdi. Təbii ki, bizim ilk öncəliyimiz Azərbaycana qayıtmaq idi. Bir neçə dəfə çarter reys təşkil olundu, ancaq adam sayısı çox olduğuna görə, bizə sıra çatmadı. Bu yaxınlarda yenidən elektron məktub yazdım, yeni açılmış sistemdən qeydiyatdan keçməyimi istədilər. Oradan da keçə bilmirəm, hər keçdiyimdə sayt xəta verir”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, çarter reyslərində öncəlik yaşlılar, xəstəliyi olan şəxslərdir:
“Vətəndaşlar məsafələr nəzərə alınaraq hava və quru yolu ilə ölkəyə qaytarılır. Bunların arasında az sayda olmasına baxmayaraq tələbələr də var. Lakin prioritet məsələlər həmişəki kimi qısa müddətə xarici ölkələrə gedən, qadınlar, yaşlılar, xəstəliyi olan şəxslərdir. Qeyd eləmək istərdim ki, gətirilənlər arasında olan tələbələrin sağlamlıq problemləri, hər hansı bir çətinlikləri ola bilər. Geri qayıda bilməyən vətəndaşlara bugünə kimi yerindəcə tədbirlər görülüb və görüləcək. Sadəcə tələbələrimizin, vətəndaşlarımızın diplomatik nümayəndəliyimizə vaxtında məlumat vermələri çox önəmlidir. Təbii ki, çarter reysləri də davam edir və edəcək. Lakin, təəssüflər olsun ki, ölkə daxilində yoluxma ilə bağlı rəqəmlər yüksəkdir. Rəqəmlər artıqca kənardan vətəndaşların gətirilməsinə də təsir göstərəcək. Çünki, kənardan gətirilənlər də karantində yerləşdirilirlər. Bugünlərdə də çarter reyslərinin olması planlaşdırılır”.
Leyla Abdullayeva eyni zamanda tələbələrin konsolluğun yardımla bağlı sistemdə yaşadıqları xəta ilə bağlı məsələyə də aydınlıq gətirdi:
“Bu problemlə bağlı elə səfirliyin özünə müraciət edilməlidir. Türkiyə ərazisində Ankarada səfirliyimiz, İstanbulda, Karsda Baş Konsolluğumuz var. Qaldıqları yerə ən yaxın hansı Diplomatik Nümayəndəliyimizdirsə ora müraciət etsinlər. Hansı xəta ilə üzləşirlər, qeydiyyatdan niyə keçə bilmirlər, bunların hamısını qeyd etsinlər. Paralel olaraq isə Xarici İşlər Nazirliyinin [email protected] mailinə də xəta barədə məlumat verə bilərlər”.  
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top