Deputatların, nazirlərin və icra başçılarının maaşı: Kəskin fərq var – TAM SİYAHI


Azərbaycanda Milli Məclisin deputatları mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən 2-3 dəfə çox əmək haqqı alırlar.
Yeniavaz.com xəbər verir ki, millət vəkillərinin maaşı "Azərbaycan Respublikası  Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir.  (bu linkdən baxa bilərsiniz - http://www.e-qanun.az/framework/4028)
“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.
Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Eyni zamanda ötən ilin yanvar ayının 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən 21-ci maddəyə “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar” bəndi əlavə olunub  (bu linkdən baxa bilərsiniz -  http://e-qanun.az/framework/42036).
Qanunun 21-ci maddəsində  qeyd olunanlar əsasən apardığımız hesablama göstərir ki, Milli Məclisin sədri ay ərzində 2475 manat vəzifə maaş, 2475 manat vəzifə maaşına əlavə və 1237,5 manat səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün aylıq pul təminatı alır. Nəticədə Milli Məclisin sədrinin ay ərzində aldığı vəzifə maaş, vəzifə maaşına əlavə və aylıq pul təminatının cəmi 6187,5 manat olur.
Bundan başqa apardığmız analoji hesablamaya əsasən Milli Məclisin sədrinin 1-ci müavini ay ərzində 5 min 568 manat 75 qəpik, Milli Məclisin sədrinin müavini 5 min 258 manat 37 qəpik, Milli Məclisin komitə və komissiya sədri 4 min 950 manat,  Milli Məclisin komissiya sədrinin müavini 4 min 640 manat 62 qəpik, sıravi deputat  isə 4 min 331 manat 25 qəpik məbləğində maaş, əlavə və pul təminatı alır.
Qeyd edək ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin maaşı “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə tənzimlənir. Bu Sərəncama əsasən hazırda Azərbaycanın Baş naziri ay ərzində 3 min 75 manat maaş və maaşa əlavə alır. Göründüyü kimi Baş nazirin əlavələrlə birgə aldığı maaş Milli Məclis sədrinin əlavələrlə birgə aldığı maaşdan 2 dəfə azdır.
Eyni zamanda yerli icra hakimiyyəti başçıları arasında ən yüksək maaşı Bakı şəhər İcra hakimiyyətinin başçısı alır ki, bu da əlavələrlə birgə 2 min 406 manat 25 qəpiyə bərabərdir.  Bakı şəhər İcra hakimiyyətinin başçısının əlavələrlə birgə aldığı maaş Milli Məclis sədrinin əlavələrlə birgə aldığı maaşdan 2,6 dəfə, sıravi deputatın maaşından isə 1,8 dəfə azdır.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top