Azərbaycanda deputat köməkçiləri icra başçılarından çox maaş alır


Azərbaycan Respublikası Milli Məclisinin deputatının köməkçisinin maaşı açıqlanıb.

Bununla bağlı Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova açıqlama verib.

Şöbə müdiri bildirib ki, deputat köməkçiləri ayda 1 200 manat maaş alırlar.

"Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə nəzərdə tutulub:

 
1. Baş nazir 2460 manat
2. Baş nazirin birinci müavini 2160 manat
3. Baş nazirin müavini 2060 manat
4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi 1925 manat
5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri 1595 manat
6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini 1375 manat
7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini 1280 manat
8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini 1155 manat
 
Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:
Bakı şəhəri 1925 manat
Gəncə və Sumqayıt şəhərləri 1280 manat
şəhər, rayon və şəhər rayonu üzrə:  
əhalisinin sayı 100 min nəfərdən çox olduqda 1045 manat
əhalisinin sayı 50-100 min nəfər olduqda 990 manat
əhalisinin sayı 50 min nəfərədək olduqda 880 manat.”.
(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top