Bayram o bayram olur


Bu da bayram. Həyatımızdan bir Ramazan da beləcə keçib getdi. Kimi ilk dəfə oruc tutdu, kimi üçünsə də builki Ramazan sonuncu oldu. 
Ramazan başlayanda ola bilsin ki, kimlərsə bu uzun günlərdə oruc tutmağın çətin olacağını düşündülər. Amma Allah-Taalanın lütfü və mərhəməti ilə oruc ibadəti rahat və zövqlü hala gəldi.
Builki Ramzan əvvəlkilərdən xeyli fərqli oldu, karonavirusa görə deyirik. İnşallah bayramın ardınca havalar qızar və bu virus da həyatımızdan çəkilib gedər.
Bu ay boyunca oruc tutmuş müsəlmanlar "Allahım, oruc əmrini yerinə yetirmək imkanını bu quluna verdiyin üçün Sənə sonsuz şükürlər olsun!"- deyib könül xoşluğu ilə Uca Rəbbə hesab verəcəklər.
Bayram dediyin nədir, bilirsinizmi? – Ən başlıcası könül xoşluğu. Sevgidir, coşqudur, sevdiklərinə könlün kimi qollarını da aça bilməkdir. Bayram - ən gözəl sonluq deməkdir. Ən gözəl sonluq əmanəti ən gözəl şəkildə Sahibinə təslim edib, ömür adlı bu xidməti qulluqdan tərxis olmaqdır. Gör bir şair nə deyir bayram haqqında:
Mövlam bizi əfv edə,
Bayram o bayram olur.
Cümlə günahlar gedə,
Bayram o bayram olur.
Bəli, əsl bayram onda olur ki, Rəbbimiz əfv edir, günahlarımızı silir, xoş əməllərimizi mükafatlandırır, o gözəlim FATİHƏdə buyurulduğu kimi, nemət verdiklərinin yoluna yönəldir.
Əslində Ramazan ayı mömin ömrü kimidir, əvvəlində günahlardan, dünyanın yalançı cazibəsindən çəkinirsən, sonu bayrama qovuşur. Bilal Həbəşi xatirə gəlir, Mövlana yada düşür, ölümlərinə sevinirdilər ki, Allaha qovuşurlar, Onun Rəsuluna qovuşurlar.
Bu il karonavirusla əlaqədar məscidlərimizdə bayram namazları qılınmayacaq, hər kəs evdə namazını qılacaq. Müsəlmana yaraşan əmniyyəti təmin etmək, verilən qərarı yerinə yetirməkdir. Bəli, hər kəs namazını öz evində qılacaq və ümid edəcəyik ki, Sonsuz Mərhəmət Sahibi olan Allahımız bizə bu davranışımız üçün də savab yazacaq və bizi mükafatlandıracaq. 
Bayramda gülərüzlü olmaq, zəng edib böyükləri təbrik etmək, imkan varsa, kiçikləri hədiyyələrlə sevindirmək, bazarlıq etmək, gözəl geyinmək sevilən əməllərdir.
Ramazan bayramınız mübarək olsun, Allah-Taala sizləri, bizləri, bütün soydaşlarımızı, İslam dünyasını bir-birindən xeyirli Ramazanlara qovuşdursun!

DİGƏR XƏBƏRLƏR

Top