
Kim Allaha gözəl bir borç verərsə, Allah da onun qarşılığını qat-qat artığı ilə ödəyər. (Bəqərə 2/245)
Əgər Allaha gözəl borç verərsəniz, Allah onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. (Təğabun 107/17)
Hər şey, hər kəs Allahın mülküdür, sənin də, mənim də, gördüyün, görə bilmədiyin, ağlına gələn-gəlməyən hər şeyin Yaradıcısı da, sahibi də Allahdır. Amma hər şeyin Sahibi olan Allah bəndəsindən borç istəyir. “Niyə” deyə düşündünmü bu haqda? Onun ki heç bir ehtiyacı yoxdur və bütün ehtiyac sahiblərinin ehtiyacını da verən Odur. Bir hədisi-şərifdə buyurulur ki, Allah rizasına nail olmaq niyyəti ilə bir xəstəni ziyarət etmək Allahı ziyarət etmək kimidir, eyni niyyətlə ehtiyac sahibi bir acı doyurmaq Allahı doyurmaq kimidir. Demək, Allah-Taala o borcu Özü üçün deyil, bizim üçün, ilk növbədə borç verənin özü üçün istəyir. İnsan Allahın yer üzündəki xəlifəsi olaraq mala-mülkə sahibdir. Əslində hər şey insana əmanət edilib. Mal Allahın idi, Allah onu insana əmanət etdi, mal insandan-insana keçir və axırda yenə Allaha qalacaq. Məsələ o malın hansı istiqamətə, hansı niyyətə sərf edilməsindədir. İnsan müvəqqəti olaraq əlində olan sərvəti Allah rizası istiqamətində, Allah-Taalanın buyurduğu yerlərə sərf edərsə, imahandan uğurla çıxmış olur. Bəli, imtahan sözü ortaya gəldisə, demək mətləb üstünə gəlinmişdir. Hər şey imtahandır, Allah-Taala birinə sərvət verir, sərvəti ilə imtahan edir; birinə də ehtiyac verir, ehtiyacı ilə imtahan edir. İmtahanın mahiyyətini anlayan demək ki, mətləbi anlamışdır.
Bu gün cəmiyyərimizdə baş verənlər haqqında düşünəndə o ixtiyar, imtiyaz sahiblərinə adamın yazığı gəlir. Nə qədər zavallı, nə qədər kor, nə qədər rəzil müxluqlardır?! Millətə vəkil olmaq istəyirlər ki, özlərinə sərvət, üstünlük ələdə etsinlər; vəzifənin verdiyi imkanlardan sui-istifadə edərək hökmü çatanlara zülm edir, onların malını-mülkünü qəsb edirlər. Tutulanda da evlərindən çuval-çuval pullar, qızıllar, cəvahirat çıxır. Beləsi Allahın da düşmənidir, insanın da, haqqını yediyi hər kəsin haqqını da ödəyəcək, əlsində ödəməyəcək, ona ödədəcəklər, burnundan fitil-fitil gətirəcəklər.
Allaha borç vermək – nəfəqədir, sədəqədir, mənfəət güdmədən birisinə borç verməkdir. Nəfəqə və sədəqə verilən, amma dönüşü olmayan yardımdır, borcun isə qarşılığı gözlənər, amma borc alanı incitmədən, onun imkanının düzəlməsini gözləyərək. Burada bir məqəm mühümdür, həlledicidir: verdiyini Allah rizası üçün verəcəksən. Bu nə anlama gəlir, bilirsinizmi? – verdiyini Allaha vermiş kimi olursan, borcu bir insana verirsən, amma ürəyində deyirsən ki, Allahım, mən Səni düşünərək, Sənin buyruğuna uyğun olaraq filan quluna yardım elədim. Birinə sədəqə verib, sonra da onu başa qaxmaq o qədər pis əməldir ki, sözlə ifadə olunmaz. Verdiyini Allah üçün verəcəksən, Allah rizasına uyğun olmayan yerə verməyəcəksən. Yəni sən əyyaşın, yalancının, saxtakarın birinə yardım edib, qarşılığını Alladan gözləyə bilməzsən. Allah-Taala Quranda buyurur ki, mallarınızı axmaqlara yedirməyin.
Sədəqə gizli verilsə, daha bərəkətli olar. Nəfsin istəyi ilə “mən bu işləri gördüm, filankəslərə yardım etdim” demək, sədəqənin bərəkətini yüzdən birə qədər düşürər. Sədəqə verən, alana minnət qoymamalı, təşəkkür etməlidir ki, onun vasitəsiylə belə gözəl bir ibadəti yerinə yetirə bildi.
Sədəqə deyəndə ağlınıza bir dilənçinin ovcuna buraxilan qəpik-quruş gəlməsin. Bir insanın könlünü almaq üçün üzünə təbəssümlə baxmaq da sədəqədir, gəlib-keçənlərə mane olmasın deyə yola düşən daşı götürmək də, yıxılan birisinin qolundan yapışmaq da...
Sədəqə haqqında bəzi xüsusiyyətləri burada sıralamaq istəyirik:
Sədəqə - Bəndənin Allaha olan sədaqətinin təsdiqidir. Sədəqə verənin, daha doğrusu, xoş əməl işləyənin niyyəti Allahın rizasını qazanmaq, yəni Onu xoşnud, məmnun etmək olmalıdır. Niyyət başqadırsa, əməl də sədəqə olmaz.
Sədəqə - Allah rizası üçün verilər, yəni Allahın ehtiyac sahibi olan bəndəsinə verilər, amma qarşılığı ancaq Allahdan gözlənər.
Sədəqə- Allaha borc verməkdir, bu dünyada verib, axirətdə qarşılığını alırsan.
Həyatını Allah rizası üçün sədəqə edənlər sadiq olurlar.
Sadiq olmaq - nəfsinin istədiyi kimi yaşamaq deyil, Allahın istədiyi kimi olmaqdır.
Allahın istədiyi kimi olanlar peyğəmbərlərin yanında yer alırlar.
Ramazan orucuna yeni bir dad qatan başqa bir ibadət də bu aya məxsus olan fitrə sədəqəsidir.
Sadiqlərin ən Sadiqi, ən Böyüyü Allah-Taala Həzrətləridir. O, bizim könlümüzü də bilir, niyyətimizi də və bizə dəyəri də elə niyyətimizə görə verir. Niyyət də duadır axı.
Allaha borç verək, əlimizdə nəyimiz varsa, bir xurma ilə də, bur udum su ilə də, bir xoş sözlə də… Allaha borç verək ki, o gün gəldiyində bir şey istəməyə üzümüz olsun.
Əli Çərkəzoğlu
Tətbiqimizi yükləyə bilərsiniz