Atomun parçalana biləcəyini ilk dəfə deyən alim: Cabir ibn Həyyan


Əvvəlini buradan oxuya bilərsiniz.
Elm öyrənib bir çox tələbə yetişdirən Cabir ibn Həyyan əsərlərində ortaya qoyduğu elmi və fənni təcrübələri, ən incə nöqtəsinə qədər izah etmişdir. Buradan əldə etdiyi nəticələri son dərəcə həssaslıq və diqqətlə şərh etmişdir. Bəzi mühüm kimyəvi maddələrin tərkibini təsbit etmiş və açıqlamışdır. Kimya elmində istifadə ediləcək bəzi metodlar oraya qoymuşdur. Təcrübələrdə istifadə ediləcək alətlərin emalı və bunların istifadə metodunu izah etmişdir. Kimya elmində istifadə ediləcək həssas ölçü alətləri düzəltmişdir.
Atomun parçalanması haqqındakı nəzəriyyə Cabir ibn Həyyana aiddir. O belə deyir: “Maddənin ən kiçik parçası olan “əl-cuzulləzi lə yətəcəzzə”də sıx bir enerji vardır. Yunan alimlərinin dediyi kimi bunun parçalanmayacağını demək doğru deyil. O da parçalana bilər. Parçalandıqda elə bir güc meydana çıxar ki, bir anda Bağdadın altını üstünə gətirər. Bu Cənab Allahın qüdrət nişanıdır”.
Yeniavaz.com xəbər verir ki, Cabir ibn Həyyan bu həqiqətləri Maks Plank, Albert Eynşteyn, Verner Heyzenberq kimi görkəmli alman fizikçilərindən nə az nə çox düz 1150 il əvvəl əldə etmişdir. Cabir ibn Həyyanın atomun parçalanması ilə meydana çıxacaq böyük bir enerji və güclə bağlı nəzəri olaraq söylədiyi yuxarıdakı sözlərdən əsrlər sonra düzəldilən atom bombası atıldğı Hiroşima və Naqasaki şəhərlərini yerlə bir etmişdir.
Cabir ibn Həyyan elmi araşdırmalarında maddənin atom səviyyəsindəki quruluşunu şərh edərkən atomun maddənin ən kiçik hissəsi olmadığını demişdir. O gün bu sözləri demək axan çayı tərsinə çevirmək kimi bir şey idi. Bu gün həmin o nəzəriyyədən danışmaq olduqca asan olsa da, nəzərə almalıyıq ki, atomun parçalanmaması o gün bir sıra inanc sistemlərinə daxil olmuş, yarı dini, yarı elmi bir görüş və nəzəriyyə halına gəlmişdi. Belə olan halda atomun parçalana biləcəyini dilə gətirmək, bu haqda ta 8-ci əsrdə danışmaq olduqca elmi cəsarət tələb edirdi.

Ərəb ölkələrində bir neçə dəfə Cabir ibn Həyyan adına poçt markası buraxılmışdır
Cabir ibn Həyyan maddələri xüsusiyyətlərinə görə üç əsas sinfə ayırmışdır: 1) Atəş və ya istilikdə dərhal buxarlanan maddələr; 2) Çəkiclə döyülən, parlayan, səs çıxaran metallar; 3) Mineral olsa da, çəkiclə döyülməyən və toz halına gəlməyən qatı cisimlər.
Bu gün kimya elmində istifadə edilən alkoqol (alcohol/əl-kuhl), inbiq (alembic/əl-inbiq) kimi bir çox termin üçün də Cabir ibn Həyyana borcluyuq. Bu ərəb mənşəli terminlər bugünkü kimya elmində Latın dilindəki yazılış şəkilləri əsas alınaraq istifadə edilir.
Cabir ibn Həyyan optika elminə dair bir sıra qanunlar ortaya qoymuş, linza və lupalar düzəldərək təcrübələr aparmışdır. O içə doğru əyilmiş güzgülərlə günəş şüalarını bir yerə toplamış və uzaq məsafədəki ağacları yandırmış, bir qabdakı suyu eyni üsulla qaynatmışdı. Onun bu elmi təcrübə və kəşfindən gözü qorxanlar da olmuş, xəlifəyə onun haqqında: “Cabir ibn Həyyan istəsə sarayımızı içindəkilərlə birlikdə yandıra bilər” şəklində xəbərlər çatdırmışdır. Bu səbəblə də xəlifə Məmun Cabir ibn Həyyana xəbərdarlıq etdiyi və onu ölüncəyə qədər göz həbsində saxlaması ilə bağlı rəvayətlər var. Cabir ibn Həyyanın bu kəşfi günəş enerjisindən istifadə ilə bağlı bir cığır açmışdır.
Eyni zamanda genetika elminin banisi hesab edilən Cabir ibn Həyyan belə deyir: “Allah bizə fiziki qanunlar vermişdir. Bunlarla bitki, heyvan, hətta insanın bənzərini düzəldə bilərik. Allah insana elə qabiliyyətlər bəxş etmişdir ki, bəşər övladı bununla kainatdakı bütün sirr pərdələrini açmağa qadirdir”. Elm və texnologiya tarixçisi Fuat Sezgin (1924-2018) Cabir ibn Həyyan haqqında belə demişdir: “Cabir ibn Həyyanın çatmış olduğu elmi səviyyəyə 900-1000 il sonra gəlib çatmaq mümkün olmuşdur. Cabir ibn Həyyan bütün insanı hiss və duyğuların riyazi olaraq hesablana biləcəyinə inanır, bunu da “ilmul-mizan” olaraq adlandırırdı”.
Cabir ibn Həyyan fənn elmlərində təcrübələr aparmağın əhəmiyyətini tam olaraq qavramış və bu metodu bütün çalışmalarında tətbiq etmişdir. O, modern mənada ilk kimya labarotoriyasını quran şəxs olaraq tarixə keçmişdir. Bu cümlə ona aiddir: “Bu kitabda eşitdiklərimizi və ya bizə söylənənləri deyil, təcrübə və müşahidə etdiyimiz şeylərin xüsusiyyətlərini qələmə aldıq”. O həm də belə demişdir: “Kimya elmində əsas olan praktiki olaraq işləmən və təcrübələr aparmandır. Bunlara yer verməyən insan kimya elminin zirvəsinə yüksələ bilməz. Ey oğul sən də təcrübələr apar ki, həqiqi bilgini əldə edəsən. Alimlər hər zaman əldəki materialların çoxluğu ilə deyil, təcrübə metodlarının doğruluğu və keçərliliyi ilə önə çıxmışlar”.

Cabir ibn Həyyanın “əs-Sirrus-Sar və Sirrul-Əsrar” adlı risaləsinin ilk iki səhifəsi
Həm şərq, həm də qərb elm adamları Cabir ibn Həyyana dərindən hörmət və ehtiram bəsləmişlər. Razi və İbn Sina onu “üstadların-üstadı” adlandırmışdır. İslam aləmində Əbu Bəkr Razi, İbn-Sina, Məsləmə əl-Macriti, Fərabi və bir çox elm xadimi Cabir ibn Həyyanın əsərlərinin kölgəsində elm öyrənmiş və püxtələşmişdir. İslam tibb araşdırmaları ilə məşhur olan Alman həkim Max Meyerhof (1874-1945) Cabir ibn Həyyan haqqında belə demişdir: “Avropada kimya elminin inkişafı birbaşa Cabir ibn Həyyanın adı ilə bağlıdır. Kimya elminin bu inkişaf yolunu geriyə doğru təqib etsək Cabir ibn Həyyan ilə qarşılaşacağıq”.
Cabir ibn Həyyanın metodunun əsasını “sağlam müşahidə və sağlam təcrübə” təşkil edirdi. O, bu metodu ilə xəyal və quru fərziyyələrlə vaxt keçirməmiş, həqiqi mənada bir elmi çalışma ortaya qoyaraq yeni bir cığır açmışdır. Cabir ibn Həyyanın yazdığı əsərlər əsrlərcə İslam mədrəsələrində oxudulmuş, Əndəlüs müsəlmanları yolu ilə də Avropaya keçmişdir. Həm İslam dünyasında, həm də Avropada kimya elmində Cabir dövrünün sonu heç gəlmədi. Hətta Avropada bəzi kimyagərlər əsərlərinin qəbul edilib oxunması üçün yazdığı kitablara Cabir ibn Həyyanın adını yazdılar. Bəzi müsəlman alimlərinin dediyi kimi, orta əsrlərdə Cabir ibn Həyyanı xristianlar müsəlmanlardan daha yaxşı tanıyırdılar.

Cabir ibn Həyyanın Avropada XV əsrdə çəkilmiş rəsmi
Professor Esin Kâhya İslam dünyasında yetişmiş bir çox elm adamının təsirlərinin XVI əsrin sonlarına doğru yerini yavaş-yavaş avropalı elm adamlarının çalışmalarına buraxdığını qeyd edir. Ancaq E. Kahyanın vurğuladığı kimi Cabir ibn Həyyanın təsiri isə bundan sonrakı dövrlərdə də davam etmişdir. Cabirin əsərlərinin nisbətən gec tarixlərə qədər Avropada nəşr olunması bunun açıq bir dəlilidir. Cabir ibn Həyyanın əsərlərindən 27 ədədi latın və alman dillərində Nürnberq, Frankfurt və Strasburqda 1473-1710 illərində çap edilmişdir.
Tarixin gördüyü nadir və böyük elm insanı Cabir ibn Həyyan başda kimya olmaq üzrə tibb, əczaçılıq, metarologiya, fəlsəfə, fizika, məntik, mexanika kimi sahələrdə bir çox əsər qələmə almışdır. Kitabus-Səbun (Yetmiş Kitab) adlı əsəri “Book of Seventy” adı ilə ingilis dilinə tərcümə edilmişdir. Cabir ibn Həyyanın həqiqi mənada dəyəri nəzəri kimya ilə əlaqəli Kitabus-Səbun (Yetmiş Kitab) əsərinin “Book of Seventy” adı ilə ingilis dilinə tərcümə edildikdən sonra anlaşılacaqdı. Günümüzdə “Book of Seventy”nin bir nüsxəsi Bursa şəhərində Sultan Orxan kitabxanasında saxlanılır.
Qərb alimlərinin Cabir ibn Həyyanın bir çox əsərini tərcümə edərək öz adları ilə nəşr etmələri çox sonraları elm aləminə məlum olmuşdur. Misal üçün kimya elmi ilə maraqlananların əl kitabı olaraq istifadə etdiyi “Summa Perfectionis” adlı əsərin əksər bölümləri Cabir ibn Həyyanın Kitabus-Səbun (Book of Seventy) kitabına əsasən qələmə alındığı ortaya çıxmışdır.
Cabir ibn Həyyanın kimya tarixindəki əvəzedilməz yerini, həmçinin kimyanı sistemli və təcrübələrə əsaslanan bir elm halına gətirdiyini qeyd edən alimlərdən biri də E. J. Holmyarddır (1891–1959). Bu araşdırmaçı alim elmlər tarixində Cabir ibn Həyyanın yalnız kimyaçı olaraq deyil, eyni zamanda həkim, filosof və astronomiya alimi olaraq da xüsusi bir yerə sahib olduğunu bildirmişdir. Yəhudi əsilli alman kimyaçısı E. O. Lippmann (1857-1940) isə Cabir ibn Həyyanın kimya tarixindəki yerinin Robert Boyl (1627-1691), Cozef Pristli (1733-1804) və Antuan Loran Lavuazye (1743-1794) kimi modern kimyanın qurucuları ilə eyni olduğunu söyləyir.
Belçikalı kimyagər və tarixçi George Sarton (1885-1956) Cabri ibn Həyyanı “Orta əsrlərin elmlər ensiklopediyası” olaraq tanıtmış, şöhrət və təsirinin 17-ci əsrə qədər davam etdiyini qeyd etmişdir. Həqiqətən də 17-ci əsrə qədər kimya sahəsində Cabir İbn Həyyan səviyyəsinə heç kim gəlib çatmamış, kimsə onu kölgədə qoya bilməmişdir. Şərq və qərb elm dünyasında ona bərabər və onu aşan hər hansı kimyaçı çıxmamışdır. George Sartona görə Cabir ibn Həyyan həqiqi dəyərini ancaq onun bütün kitabları nəşr olunub açıqlandığı zaman başa düşüləcək.
Kimya tarixçisi Leclerc “Histoire de la Medicine Arabe” adlı əsərində Cabir ibn Həyyanı orta əsrlərin ən böyük alimi, elmi nüfuzu və dərinliyi ilə bənzəri olmayan bir üstad, metodu ilə yol göstərici və nəhayət modern kimyanın qurucusu olaraq təqdim etmişdir.

Cabir ibn Həyyanın “əs-Sirrus-Sar və Sirrul-Əsrar” adlı risaləsinin son səhifəsi
Cabir ibn Həyyan əsərlərini fərqli metodlarla qələmə almışdır. Bəzi əsərlərində son dərəcə qısa və yığcam bir üslubdan istifadə etmiş, hətta bəzi əsərlərini simvollardan istifadə edərək qələmə almışdır. Bəzi əsərlərində isə təfsilatlı və uzun izahlar vermişdir. Şərq və qərb alimlərindən bir çoxu onun əsərlərindən istifadə etmişdir. Qərb alimlərindən Qalileo Qaliley (1564-1642), Frensis Bekon (1561-16 26), İsaak Nyuton (1643-1727) və bir çoxları onun əsərləri və fikirlərindən istifadə etmişdir.
17-ci və 18-ci əsrdə qərb elm aləmində meydana gələn bir çox elmi kəşf və ixtiranın ərsəyə gəlməsində Cabir ibn Həyyanın əsərlərinin böyük təsiri vardır. Xüsusilə bu gün kimya elmində mövcud olan bir çox orijinal kəşf və metodlar hardasa Cabir ibn Həyyana məxsusdur və onun fikirlərilə ortaya çıxmışdır. Məşhur fransız elm tarixçisi Marselen Bertlo (1827-1907) “Orta Əsrlərdə Kimya Tarixi” adlı əsərində belə deyir: “Aristotelin məntiq elmində yeri nədirsə, Cabir ibn Həyyanın kimya elmindəki yeri və mövqeyi odur. Aristotel məntiq elminin qurcusu və üstadı olaraq qəbul edildiyi kimi, Cabir ibn Həyyan da kimyanın qurucusu və üstadıdır”.
Cabir ibn Həyyan təcrübə yolu ilə əldə edilən bilgi və prinsiplərin qəti və dəyişməz olduğunu iddia etməmişdir. Əksinə modern elmi çalışmalarında olduğu kimi bunların ehtimal və zənni olduğunu bildirmişdir. Bir sözlə Cabir ibn Həyyan nə bir hekayə, nə də hər hansı bir dastan qəhrəmanı idi. O tarixi bir şəxsiyyət və günümüzdən min il əvvəl yaşamış dünya səviyyəli müsəlman elm alimi idi. Onu tədqiq edənləri heyrətdə qoyan məqamlardan biri də Cabir ibn Həyyanın məhz 8-ci əsr kimi erkən bir dövrdə yaşamış olması və dövrünə sığmayan elmi əsərlər qələmə almasıdır.
Çap edilmiş əsərlərindən bəziləri bunlardır: 1. Kitabul-Bəyan, 2. Kitabul-Həcər, 3. Kitabun-Nur, 4. Kitabul-İzah, 5. Kitabul-İstakas-Salis, 6. Təfsirul-İstaka, 7. Kitabut-Təcrid, 8. Kitabul-Mulk, 9. Kitabur-Rahmə. Çap edilməmiş əsərlərindən bəziləri də bunlardır: 1. Kitabuş-Şəms, 2. Kitabul-Qəmər, 3. Kitabul-Həyvan, 4. Kitabun-Nəbat, 5. Kitabul-Hikmət, 6. Kitabul-Ənasir, 7. Kitabul-Kimanil-Məadin, 8. Kitabul-Xilqət, 9. Kitabul-Heyət, 10. Kitabun-Nəqd.
Məşhur alimin daşlar kateqoriyasına aid olan əsərləri arasında isə “Kitab əl- Əhcər” (Daşlar haqqında kitab) əsəri xüsusi yer tutur. O, bu əsərində daşların xarakterini, xüsusiyyətlərini, onların tərkiblərini, hansı məqsədlə işlədilməsini olduqca dəqiqliklə müəyyən edib. Onun bu sahəyə aid elmi tədqiqat əsərləri dağ-mədən sahəsinin inkişaf etdirilməsinə yeni təkan verib və sivil mədən sənayesinin inkişafında önəmli baza rolunu oynayıb.
Məşhur alimin daşların xüsusiyyətlərini olduqca dərindən bilməsi onun elmin bütün sahələrində qeyri-adi zəkaya, istedada malik olmasından irəli gəlirdi. Hər halda bütün elm sahələrində özünəməxsus elmi kəşflər etmək dünyanın hər tanınmış aliminə nəsib olmur.
 
Mövzuya davam edəcəyik...
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top